Məsuliyyətsizlik koronavirusla bağlı vəziyyəti dramatikləşdirir

23 İyun 2020 09:21 (UTC+04:00)

Azərbaycanda koronavirusa yoluxanların sayı təəssüf ki, dramatik şəkildə artır.  Pandemiyanın qarşısını almaq, sürətini zəiflətmək üçün lazım olan bütün tədbirlər görülür. 

Nazirlər Kabineti yanında Operativ Qərargah hətta 2 həftəlik sərt karantin rejimi elan edib.   Hökumət  tərəfindən pandemiya xəstələrinin müalicəsini təşkil etmək üçün  xəstəxanalarda bütün lazımi şəraitlər yaradılıb.

İndilikdə insanların əksəriyyəti  dəfələrlə deyilməsinə, xəbərdarlıq edilməsinə,  aparılan təbliğata rəğmən hələ də təhlükəsizlik tədbirlərinə etinasız yanaşır, məsafə gözləmir, maska taxmır.  Milli Məclisin deputatı Aydın  Mirzəzadənin fikrincə,  virusun dramatik şəkil almasının başlıca səbəbi vətəndaşların bir hissəsinin hələ də prosesin ağırlığını, məsuliyyət hissini dərk etməməsindən qaynaqlanır: "Belə vəziyyətin yaranmasında başlıca səbəb kimi bəzi vətəndaşlarımızın məsələyə məsuliyyətsiz yanaşması dayanır.  Hələ də cəmiyyətin bir hissəsi koronavirusun mövcudluğuna inanmır.  İnsanların bir hissəsi  təhlükəsizlik qaydalarına əməl etməsə də belə, hələ də özünün bu bəlaya tutulmayacağı fikrindədir.  Yəni onlar təəssüf ki, prosesə məsuliyyətsiz yanaşırlar. Belə vəziyyət isə nəticədə virusun yayılmasının artmasına gətirib çıxarır.

Bir  çoxları da koronavirusun əlaməti olan yüksək temperatur, halsızlıq  dövründə xəstəxanaya müraciət etmək əvəzinə evdə müalicəyə üstünlük verirlər.  Bu isə evdəkilərin də yoluxmasına səbəb olur.  Hesab edirəm ki, ancaq vətəndaş olaraq hər birimizin bu işə məsuliyyətli yanaşması ilə problemi həll edə bilərik, bu amili dərk etməliyik.  Prosesdə ən radikal metod insanları məcburi şəkildə uzun müddətə evdə qalmağa məcbur etməkdir.  Bu zaman havanın necə olmasının, isti olub-olmamasının elə bir əhəmiyyəti yoxdur. İnsanlar hazırda çox ağır problemlə mübarizədədir.  Söhbət bəşəriyyətin yer üzərində qalıb-qalmamasından gedir.  Yəni məsələ bu qədər ağır qoyulub.

Bütün hallarda hesab edirəm ki, insanlarımız problemin həllinin əsasən məhz onların özlərindən asılı olduğunu dərk edirlər.  Hələlik pandemiya ilə mübarizədə bu yolla da getmək olar.  Hər birimiz öz-özümüzü və cəmiyyəti qorumağı bacarmalıyıq.  Bu fonda hər halda sərt karantin rejimində qalan əhaliyə maddi dəstək göstərilməsini də düşünürlər.  Bununla belə, başa düşməliyik ki,  ilk növbədə özümüz məsələyə məsuliyyətlə yanaşmalıyıq ki, sonradan fəsadlar olmasın". 

Politoloq Cümşüd Nuriyev təəssüflə bildirdi ki, bəzilərimiz  məsuliyyəti sevmir: "Həm də özümüzə qiymət verməyi bacarmırıq. Böyük keçmişimiz olsa da, mənəvi var-dövlətin içində hələ də özümüzə dəyər verə bilmirik.  Proseslərə qeyri-ciddi yanaşmaqda davam edirik. Niyə xalq özü ilə bu şəkildə davranır? Məsuliyyəti hiss  etmək lazımdır.  Daha nə baş verməlidir ki, məsuliyyətli olaq?! 

Gəlin özümüzə qiymət verməyi bacaraq.  Özümüzə hörmət etsək, ailəmizi, dostlarımızı, ətrafımızı, ümumilikdə millətimizi  qoruyacağıq. Millətin qorunması isə dövlətin qorunmasıdır. Bu barədə fikriləşmək lazımdır.  İnsanların dərk etməsi üçün onları inandırmaq lazımdır. Onun üçün də ölkədə qəbul olunan ziyalıları, peşəkarları  televiziyalara dəvət etməlidirlər.  Digər tərəfdən, problemlə tanış olmayan, peşəkar olmayanların televiziyalara çıxıb təbliğat aparması da ciddi effekt verməyib. Azərbaycanda bu sahədə bacarıqlı işçilər, virusoloqlar var, yəni insanları inandıra bilənləri televiziyalara dəvət etmək lazım idi.  Digərlərini isə heç kim ciddi qəbul etmir. Nümunələr də göstərilməlidir.  Məsələn, Prezident  İlham Əliyevin qoruyucu vasitə taxmaqla nümunə olmasını çox insan dərk etdi".

R. SOLTANOV