Tibbi maska taxmaq həm zərurət, həm də məsuliyyətdir

26 İyun 2020 09:33 (UTC+04:00)

 

“İdarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar”. Bunu Prezident İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu ilə tanışlıqdan sonra çıxışında deyib.

Dövlət başçısı bildirib: "Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir.

İndi görün inkişaf etmiş ölkələrdə nələr baş verir. Vəziyyət tamamilə böhran həddinə çatıb. O ölkələrin ki, dövlətçilik ənənələri yüzilliklərlə ölçülür və o ölkələrin səhiyyə sistemi dünyada nümunə kimi təqdim olunur, onlar da bacarmırlar, çünki bu, mümkün deyil. Ona görə mənim bu sözlərim hesab edirəm, hər kəs üçün əsas olmalıdır - həm vətəndaşlar üçün, - onlar daha məsuliyyətli olmalıdırlar, - həm də vəzifə tutanlar, dövlət məmurları üçün. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır. Əgər biz görsək ki, nizam-intizam bundan sonra da pozulur, onda fikirləşərik, daha hansı təsirli addımlar atılsın ki, bu qaydaları pozanlara qarşı daha ciddi tədbirlər görülsün".

Həqəqitən də ölkədə koronavirusa tutulma halları artsa da, hələ də insanların bir qrupu məsafə saxlamır, qoruyucu vasitələr olan maskalardan istifadə etmir.  Bu vəziyyətdə isə virusun yayılma ehtimalı daha da genişlənir.   Cərimələrin həcminin artımı ilə maska taxanların sayının daha da çoxalmasına nail olmaq mümkündürmü?

Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki,  adətən ölkəmizdə cərimələrin məbləğinin artırılması yolu ilə insanların məsuliyyət hissinin də bir o qədər artmasına nail olmaq mümkün olur: “Mövcud vəziyyətdə də cərimələrin həcminin artması başqa insanlar üçün də ibrət, görk ola bilər.

Dünya təcrübəsində də maska taxmamağa, karantin rejimini pozmağa görə tətbiq edilən cərimələr Azərbaycanda olduğundan qat-qa yüksəkdir.  Məsələn, Gürcüstanda, Türkiyədə, Avropa ölkələri və Rusiyada belə cərimələr ölkəmizdə olduğundan qat-qat artıqdır. Cənub Prezidentin bu  müstəvidə söylədiyi həmin fikirlər də insanlarımızı cəzalandırmaq deyil, daha çox məsuliyyətə cəlb etməyə yönəlib. Bu cəzalar təkcə maska taxmamağa görə deyil, həm də təbiətə, ətrafdakı insanlara qarşı hörmətsiz davranışa görə tətbiq edilir. Həm də insan davranışının ictimai əxlaqa, ictimai münasibətlərə ziddi olmaması anlamına gəlir. Buna görə də dövlət başçısı bir daha xəbərdarlıq etdi. Pandemiya başlanandan Prezident bu məsələlərə ciddi diqqət yetirir. Hökumət tərəfindən lazımi bütün tədbirlər görülür. Eyni zamanda, bütün görüş və müraciətlərində vətəndaşları lazım olan tədbirləri və addımları atmağa dəvət edir. Sosial məsafənin gözlənilməsi, maska taxılması, əllərin mütəmadi yuyulması bunlar vacibdir. Prezidentin son çağırışı da bununla bağlı idi. Məsuliyyətsiz insanları məsuliyyətə cəlb etmək, digər insanları təhlükə qarşısında qoymamaları üçün cərimələrin artırılması realdır”.

Politoloq Aydın Quliyev də bu qənaətdədir ki, cəzaların sərtləşdirilməsi özügedən məsələdə effekt verəcək: “Koronavirusla mübarizədə mövcud cəzaların bir qədər də  sərtləşdirilməsi bizim şəraitdə effekt verən üsuldur. Ona görə də şərait tələb etsə,  zərurət yaransa, belə cərimələrin həcminin artırılmasının əhalinin bütün təbəqələrinə müəyyən qədər təsir göstərəcəyini istisna etmirəm.

Həqiqətən də  müəyyən imkanlı adamlar indiki cərimə məbləğini ödəyəndən sonra yedə də əvvəlki tək sərbəst şəkildə gəzir. Çünki indiki cərimələr onların maddi vəziyyətinə o qədər də təsir etmir. Amma məsələ ondadır ki, onların belə məsuliyyətsiz davranışı virus mənbəyi olaraq risk ehtimalının artmasına şərait yardır. Etiraf edək ki, orta və yoxsul təbəqənin müəyyən hissəsi  də heç də sona qədər lazımi məsuliyyət hiss etmir. Düşünürəm ki, cərimələrin məbləğinin artımı problemi tam şəkildə həll etməsə də, xeyli dərəcədə dəyişiklik yaradacaq. Cəmiyyətdə məsuliyyətli yanaşmanın miqyasını böyüdəcək. Gərək olsa, həbslə bağlı olmayan başqa cəza üsulları da fikirləşmək olar. Prezidentin fikrilə tamamilə şərikəm ki, cəzaların bir qədər sərtləşdirilməsi Azərbaycan mühitində gözlədiyimiz effekti verə bilər”.

R. SOLTANOV