SU terroru, Qarabağda çaylar və Sərsəng su anbarı

30 İyun 2020 09:45 (UTC+04:00)
Hazırda Ermənistanın Azərbaycana qarşı apardığı terror müharibəsi, aktiv silahlı mübarizə formasından "soyuq terror müharibəsi" fazasına transformasiya olunaraq, müxtəlif üsullarla həyata keçirilir. Düşmən tərəfindən işğal edilmiş ərazidə yüzlərlə müxtəlif tərkibli mineral su bulaqlarımız da vardır ki, bu da Azərbaycan mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-ni təşkil edir. Suvarmada və elektrik enerjisi alınmasında istifadə edilən belə komplekslərdən biri də Tərtər hidrokompleksidir. Tərtər çayı öz mənbəyini Kəlbəcər rayonundan götürür, Ağdərə, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Tərtər çayının qolları Tutqu, Lev və Ayrım çaylarıdır. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 3117 m-dir. Terrorist ermənilər Tərtər çay, Xaçınçay, Köndələnçay, Bazarçay, Həkəri, Bəsitçay, Qarqarçay, Çaylaqçay, Oxçuçay vasitəsilə Azərbaycan ərazisinə zəhərli maddələr axıdırlar. Mənbəyini Zəngəzur dağlarından götürən Oxçuçay Ermənistan ərazisindən keçdiyi ücün Qacaran, Qafan mis mədənlərinin zəhərli tullantıları təmizlənmədən bu çaya axıdılır. Oxçuçayın hövzəsi demək olar ki, həddindən çox zəhərləndiyi ücün "ölü" zonaya çevrilib. Demək olar ki, ermənilər heç nəyə məhəl qoymadan bütün çaylar kimi, Kür və Araz çaylarını da zəhərləməkdə davam edirlər. Bununla ermənilər bir daha sübut edirlər ki, onlar nəinki cəmiyyətə qarşı, hətta təbiətə qarşı terror aktı həyata keçirirlər. Ermənistanın su ehtiyatlarından siyasi alət kimi istifadə etdiyi Sərsəng su anbarı 1965-1976-cı illərdə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Ağdərə rayonunun ərazisində, Tərtər çayının üzərində, dəniz səviyyəsindən 726 metr hündürlükdə inşa edilib. Bu su anbarı hündürlüyü 125 metr olan bənddən, həcmi 560 milyon kubmetr, sukeçirmə qabiliyyəti saniyədə 900 kubmetr olan hidrotexniki qurğudan ibarətdir. Anbarda gücü 50 min kilovat olan su elektrik stansiyası da mövcuddur. Bütövlükdə respublikamızın 150 min hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulan bu su anbarı bir vaxtlar respublikanın 7 rayonunun (Ağdam, Ağdərə, Ağcabədi, Bərdə, Tərtər, Yevlax, Goranboy) 100 min hektardan çox əkin sahəsini suvarma suyu ilə təmin edirdi. Məhz bu anbarın istismarından sonra həm dağlıq, həm də aran Qarabağın kənd təsərrüfatı (pambıqçılıq, taxılçılıq, tütünçülük, baramaçılıq, üzümçülük, heyvandarlıq) və sənayenin bir çox sahəsi (çit istehsalı, ipəkçilik, ət və süd məhsulları, şərabçılıq) sürətlə inkişaf edib. Ermənilər Tərtər əhalisinin aprel ayından dekabr ayına kimi suya tələbatı çox olduğu vaxtlarda anbarın suyunu əhalinin üzünə bağlayır və qışda yağıntıların çox olduğu və suya tələbatın bir o qədər çox olmadığı bir vaxtda anbarın suyunu açırlar. Payız və qış aylarında ermənilərin Sərsəng su anbarının suyunu açması Tərtərin torpaq sahələrini yuyur və bərpası mümkün olmayan ziyanlar verir. Hazırda susuzluğa görə yaz və yay aylarında 9 min hektar sahədə heç nə əkilmir. Bu isə torpağın zaman keçdikcə çürüməsinə və ekoloji problemlərə yol açır. Eyni zamanda susuzluq və quraqlıq nəticəsində ilan vurma halları və 5 yaşlı uşaqlarda müxtəlif növ xəstəliklər, o cümlədən diabet xəstəliyi geniş yayılıb: "Eləcə də antisanitariya şəraiti nəticəsində vaxtından əvvəl doğuş və ya uşağın düşməsi halları, həmçinin travma ilə doğulmuş uşaqların sayı artıb". Ermənistan ərazisindən Azərbaycana daxil olan sularda bütün növ kimyəvi və zərərli maddələr normadan dəfələrlə artıq olduğundan, çayboyu zonada olan flora və faunaya mənfi təsir edə, Azərbaycan əhalisinin genefonduna, su axarları boyu yaşayan əhali arasında müxtəlif xəstəliklərin artmasına və yayılmasına gətirib çıxara bilər. Ən qorxulusu isə, 560 milyon kubmetr su tutumu olan bu həyat mənbəyi 6 rayonun 400 mindən çox mülki əhali üçün əsl təhlükə mənbəyidir və bu təhlükə zaman keçdikcə daha da çoxalmaqdadır. Ermənistanın işğalı altında qalan su anbarı 28 ildən artıqdır ki, baxımsızlıq və xidmət göstərilməməsi səbəbindən qəza vəziyyətinə düşmüşdür. Məhz erməni xislətinə xas olan təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza bölgədə yaşayan mülki əhalinin kütləvi məhvinə, humanitar fəlakətə, ekoloji və bioloji böhrana səbəb ola bilər. Dosent Zaur Əliyev