Azərbaycan dünya siyasətini istiqamətləndirən ölkəyə çevrilir

30 İyun 2020 09:57 (UTC+04:00)

Dünyanı ağuşuna alan koronavirus təhlükəsi ona qarşı mübarizədə beynəlxalq həmrəylik və birliyin olmasını vacib edir. Bu fonda COVID-19 pandemiyasına qarşı birgə mübarizəyə Azərbaycan tərəfi mühüm töhfələr verilir. Belə ki, bu günə qədər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən virusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə bir sıra əhəmiyyətli  təşəbbüslər irəli sürülüb və əməli addımlar atılıb.

COVİD-19-a qarşı mübarizəyə həsr olunan ilk beynəlxalq görüş də İlham Əliyevin təşəbbüsü ilə baş tutub. Cari ilin aprelində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycan dövlət başçısının təşəbbüsü ilə COVID-19-a qarşı mübarizə mövzusunda onlayn Zirvə görüşü keçirdi. Ardınca yenə də Azərbaycan Prezidentinin təşəbbüsü fonunda mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun pandemiyaya həsr edilən onlayn Zirvə görüşü təşkil edildi. Elə həmin tədbirdə Prezident İlham Əliyev çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının çağırılması təklifini irəli sürdü. Təklif Qoşulmama Hərəkatının 120 üzv ölkəsi tərəfindən yekdilliklə bəyənilib. Bundan sonra qurumun sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın "Prosedur Qaydaları" adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Nəticədə 130 ölkə bu təşəbbüsə dəstək verib.

Qaydalara əsasən, BMT-yə daxil olan ölkələrin çox hissəsi ( azı 97 ölkə) təşəbbüsü dəstəklədiyi halda, xüsusi sessiya təşkil olunmalıdır. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təklifinin dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsi beynəlxalq aləmdə ölkəmizə olan böyük etimadın daha bir göstəricisi hesab edilə bilərmi?

Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, Azərbaycan Prezidentinin pandemiya ilə bağlı BMT Baş Assambleyasının çağırılması təşəbbüsünün 130 ölkə tərəfindən dəstəklənməsi dünyanın ölkəmizə və dövlət başçımıza olan böyük etimadın göstəricisidir:  "Məlum olduğu kimi, koronavirus pandemiyası ümumbəşəri bəladır.  Ümumbəşəri bəla olduğundan ona qalib gəlmək üçün bütün dünya dövlətləri birləşməli, ortaya birgə səylər qoymalıdır. Yəni hazırda dünyanın birlik, həmrəylik və  məsuliyyətə çox böyük ehtiyacı vardır.  Bu məntiqlə çıxış edərək Prezident İlham Əliyev mayın 4-də Qoşulmama Hərəkatının  Təmas Qrupunun video görüşündə unikal təşəbbüslə çıxış etdi. Prezident BMT Baş Məclisinin COVİD-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyasının çağırılmasını təklif etdi. Sevindirici haldır ki, Prezidentin bu təşəbbüsünə 130 ölkə səs verib, təklifi müdafiə ediblər.  Bu artıq o deməkdir ki, təşəbbüs qəbul edilib və yaxın perspektivdə  belə bir Zirvə görüşü keçiriləcək.

Həmin addım onu göstərir Azərbaycan Prezidenti məhz dünya səviyyəli liderdir. Onun irəli sürdüyü təşəbbüslər də məhz dünya birliyinin təhlükələrdən qorunması, gələcəyi, onun inkişafına hesablanmış mühüm təşəbbüslərdir. Dövlət başçısının dediyi kimi, Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin sözümüzün mənası və çəkisi böyükdür.

Prezidentin bu unikal təşəbbüsünə dünyanın reaksiyası onu göstərir ki, Azərbaycan dövlətinin çəkisi və mənası böyükdür. Bu həmçinin o anlama gəlir ki, Azərbaycan Prezidentinin dünyada sözünün mənası, çəkisi və nüfuzu böyükdür. Bu təşəbbüs reallaşacağı təqdirdə, heç şübhəsiz pandemiyaya qarşı müxtəlif istiqamətlədə səylərin birləşməyi yolunda münbit şərait formalaşacaq, iqtisadi, humanitar istiqamətdə səylər daha da birləşəcək. Nəticədə hamımızın intizarla gözlədiyi pandemiyaya qarşı vaksinin tapılması prosesi daha da sürətlənəcək. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidentinin həmin təşəbbüsünün yüksək səviyyədə müdafiə edilməsi dövlətimizə, və dövlət başçımıza olan yüksək beynəlxalq etimadın  göstəricisidir". 

Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, sözügedən təşəbbüsə verilən yüksək dəstək dünya miqyasında Azərbaycanla hesablaşmalarının nəticəsidir: "Belə bir təşəbbüsün  əksər ölkələr tərəfindən dəstəklənməsi dünyanın Azərbaycana və dövlət başçımıza olan etimadının göstəricisidir.  Heç də hər bir dövlətin başçısı BMT-yə belə vacib məsələlərlə bağlı müraciət etmir, təkliflər vermir. Çünk, təkliflərinin nə dərəcədə qəbul olunub-olunmayacağı barədə arxayın deyillər. Azərbaycanın isə göründüyü kimi təkliflərini dünyanın əksər ölkələri dəstəkləyir.

Bu, ilk növbədə Azərbaycan Prezidentinin beynəlxalq nüfuzunun göstəricisidir. Eyni zamanda, bilirsiniz ki, Azərbaycan koronavirusla mübarizədə artıq öz sözünü demiş bir dövlətdir. Prezident İlham Əliyev istər Türk Şurasının Zirvə toplantısında, istərsə də Qoşulmama Hərəkatının video konfransında çıxışında bildirdi ki, pandemiya beynəlxalq səciyəli bir məsələdir və ona münasibət də beynəlxalq səviyyədə olmalıdır. Hər yerdə bütün güclər bir yerə qoyulmalı və məsələ beynəlxalq miqyasda həllini tapmalıdır. Bu təkliflər müsbət qarşılandıqdan sonra, Prezident İlham Əliyev BMT-yə müraciət göndərdi və koronavirusla mübarizə üçün BMT Baş Assambleyasının xüsusi iclasının çağırılmasını təklif etdi. Yəqin ki, BMT təşəbbüsə müsbət cavab verəcək və konfrans da baş tutacaq.

Bu, Azərbaycanın dünya miqyasında böyük nüfuza sahib olduğunun bariz nümunəsidir. Həmçinin bu cənab Prezidentin şəxsi nüfuzunun və dünya liderləri səviyyəsində qəbul olunduğunun göstəricisidir. Azərbaycan Prezidentinin həmin təşəbbüsü ölkəmizin koronavirusla mübarizə tarixində  rolunu daha da yüksəldəcək. Bunlar bizləri sevindirir. Ermənistanın isə tələsik olaraq təşəbbüsə etiraz bildirməsi  bir dövlət olaraq işğalçı ölkəni dünya ictimaiyyətinin gözündə aqressor, xoşməramlı istənilən təklifə qarşı çıxan, bədniyyətli ölkə kimi tanıdacaq, onları daha çətin vəziyyətə salacaq.  İnfeksiyalar əvvəl-axır keçir, müharibələr başa çatır. Amma həmin dövrdə hansı dövlətin, xalqın, liderin hansı davranış sərgiləməsi tarixdə qalır.  Azərbaycanın bu müstəvidə pozitiv və lidersayağı davranışı da dünya tarixində qalacaq". 

R. SOLTANOV