Kürdə ekoloji fəlakət içməli su problemini böyüdür

30 İyun 2020 10:10 (UTC+04:00)

Son aylar Neftçalada Kürün səviyyəsi düşməkdə, Xəzər suları bu hissədə çaya daxil olmaqda davam edir. Belə ki, Kür çayında suyun səviyyəsi xeyli aşağı düşüb, bu səbəbdən çayın ən çökək yeri olan Xəzərə tökülən hissəsində dəniz sularına qovuşaraq geri axır.

Bu çayda kəskin azalma əsasən çayın aşağı hissəsində, xüsusən  Salyan və Neftçala rayonları ərazisində qeydə alınıb. Bu rayonlardan keçən hissəsində son 15 gündə suyun səviyyəsi 1 metrə yaxın, ötən 3 ay ərzində isə 2,5 metrdən çox aşağı düşüb. Nəticədə Kürün məcrası bəzi ərazilərdə 50 metrdən çox daralıb.  Nəticədə indi çayın suyu Xəzər dənizinə deyil, əksinə dənizin suyu çaya axır. Müşahidələrə görə, dəniz suyu çayın içində 60 km-ə qədər irəliləyərək Nefçala rayonunun Aşağı Surra kəndinə çatıb.

Şor dəniz suyunun Kür çayına qarışması nəticəsində çayın suyu əhali tərəfindən istifadə üçün yarasız hala düşüb. Bu səbəbdən də artıq xeyli müddətdir ki, Nefçala şəhəri və rayonun əksər kəndlərdə əhali su problemi yaşayır.   Hətta Kürün suyu o qədər şorlaşıb ki, onu mal-qara belə içə bilmir, əkinlər susuzluqdan yanır. Son illər yaşanan qlobal istiləşmə və suların düzgün idarə olunmaması nəticəsində ölkəmizə Kür çayından daxil olan suyun həcmi 25 faiz , Arazdan daxil olan suyun həcmi isə 60 faizdən artıq azalıb.Bu təhdid nə qədər davam edəcək və hansı təhlükələr yaradır. Qarşısı necə alınmalıdır?

AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev Kür çayında yaşanan təhdidin hansı vaxtadək davam edəcəyini söyləməkdə çətinlik çəkdi: "Kür çayını təhdid edən bu vəziyyətin nə qədər davam edəcəyini demək bir qədər çətindir. Təbii ki, balans düzəlməlidir. Kürün müəyyən səviyyəsi var ki, həmin səviyyədə Xəzərdən axan suyun istiqamətini dəyişdirir.

Bu il Kürün su səviyyəsində azalma müşahidə edilib. Təbii olaraq da, Kürün suyunun azalması dəniz suyunun ona tərəf axmasına gətirib çıxarır. Bu vəziyyətin nə qədər davam edəcəyini söyləmək çətindir.  Belə hadisələr əvvəllər də olub, vaxt olub Kür daşıb, sonra isə qoruyub.  Təbii ki, belə vəziyyət Kürün suyu artaraq balanslaşanda və axın əvvəlki tək əksinə olanda düzələcək.  Bu da özünü yağıntılar dövründə göstərəcək. Bilirsiniz ki, iyunun sonunadək yağıntılar dövrüdür". 

Kür çayının səviyyəsinin aşağı düşməsi və dəniz sularının bu ərazilərə axması ekoloqa görə, bölgə ərazisində içməli su məsələsində problemlər yaradacaq: "Bölgədə əhali əsasən Kürün suyu ilə dolanır.  Buradakı təsərrüfatların da suya olan tələbatı məhz Kür vasitəsilə təmin olunur. İndiki vəziyyət isə içməli su çatışmamazlığı fonunda problemlər yaradacaq. Şoran suyunun geri qayıtması da bir tərəfdən problem yaradacaq". 

Çıxış yolu olaraq, həmsöhbətimiz Mingəçevir gölündən suyu heç bir enerji işlətməmək şərtilə həmin ərazilərə çəkməkdə görür: "Bu su təmiz və keyfiyyətlidir. Dəfələrlə Rusiyadan olan hidroloqlarla orada olmuşam.  Onlar məmnuniyyətlə hər səhər Mingəçevir gölündəki sudan içirdilər. Mingəçevir gölündəki suyu xüsusi borular vasitəsilə Kürün çətinlik yaratdığı həmin ərazilərinə çəkmək olar.  Nəticədə bu zonadakı 17-18 rayonu içməli su ilə təmin edə bilərik. Orada 18 milyon kubmetr su  var.  Kürün suyundan isə ancaq suvarmada istifadə etmək olar". 

Rüfət NADİROĞLU