Qeyri-qanuni əmanət qəbulu bank sektorunda ciddi təhdidlər yaradır

30 İyun 2020 11:20 (UTC+04:00)
Azərbaycan Mərkəzi Bankının qərarı ilə 4 bankın maliyyə vəziyyəti pis olduğuna və öhdəliklərini yerinə yetirə
bilmədiyinə görə lisenziyası ləğv edilib. Qanunvericiliyə əsasən, lisenziyası ləğv edilən banklarda əhaliyə aid
olan və sığortalanan əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən qısa müddətdə
qaytarılmalıdır. Amma bankların bağlanmasından sonra məlum olub ki, bu bankların bəziləri Mərkəzi Bankın
2020-ci ilin yanvarında etdiyi xəbərdarlığa məhəl qoymayaraq əmanət qəbulunu davam etdirib. ADİF bildirir
ki, həmin əmanətlər sığortalı hesab edilmir. Çünki həmin vəsaitlər qeyri-qanuni olaraq cəlb olunub. Bu
səbəbdən ADİF yanvar ayından sonra qoyulan əmanətləri qaytarılmasına qadağa tətbiq edib. Bunu
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev deyib. Həmin
tarixdən sonra banklarda əmanət yerləşdirən şəxslər isə bildirir ki, banklarla bağlanan müqavilədə
əmanətlərin sığortalı olduğu göstərilir. Bu səbəbdən əmanətçilər digər sığortalı əmanət kimi pullarının qısa
müddətdə qaytarılmasını tələb edir.
Bəs, banklar tərəfindən qanunsuz yolla əldə edilən əmanətlər probleminə səbəb nədir və bunun indi
fəaliyyətdə olan banklarda təkrarlanması mümkündürmü? Belə halların yenidən yaranmaması üçün hansı
önləyici addımlar atılmalıdır?
Yaranmış vəziyyətdə ADİF mövqeyini dəyişib. ADİF-in icraçı direktoru deyib ki, banklar təfindən qanunsuz
olaraq cəlb edilən əmanətlər də sahiblərinə qaytarılacaq. Bunun üçün Konstitusiya Məhkəməsinə müraciət
ediləcək və məhkəmə vətəndaşların xeyrinə qərar qəbul edəcək.
Əslində, bu məsələdə sığortalı əmanət yerləşdirənlərin hər hansı bir səhvi yoxdur və onların öz pulunu geri
tələb etmək haqqı var. ADİF-in açıqlamasına görə, indiyədək 4 bank üzrə 7 548 əmanətçiyə 83,9 milyon
manat ödəniş edilib. Yəni əmanətçilərin 10%-i, əmanətlərin isə 13%-i əmanətlərini geri ala bilib. Bu statistika
göstərir ki, əmanətlərin geri qaytarılması prosesində bir qədər ləng hərəkət müşahidə edilir. Bunun əsas
səbəblərindən biri də məhz bağlanan bankların qanunsuz hərəkətləri ilə bağlı aparılan dəqiqləşdirmələrdir.
Yaranmış vəziyyətdə banklarla bərabər tənzimləyici qurumun da üzərinə böyük məsuliyyət düşür.
Tənzimləyici qurum hər 4 banka məktub göndərərək əmanət qəbulunu dayandırmağı tələb edib. Buna
baxmayaraq hər 4 bank əmanətləri qəbul etməkdə davam edib. Burada birinci növbədə qanunu banklar
pozub. Çünki banklar lisenziya ilə fəaliyyət göstərdiklərindən onların tənzimləyici qurum qarşısında öhdəliyi
var və bu qurumun qanunvericilikdən qaynaqlanan tələblərini yerinə yetirməyə borcludurlar.
Lakin banklarla bərabər tənzimləyici qurumun də məsuliyyəti az deyil. Tənzimləyici verilən tapşırığın icrasına
nəzarət etməyə borcludur. Mümkündür ki, bəzi banklar tənzimləyiciyə hesabat təqdim etdikdə bəzi faktları
gizlədib. Amma bankların mütəmadi əmanət qəbulunu gizlətməsi, bundan heç kimin, hətta tənzimləyicinin
xəbər tutmamsı məntiqli deyil.
Buna görə də təkrar halların yaşanmaması üçün tənzimləyici orqan olan Mərkəzi Bank kommersiya
banklarında auditi dərinləşdirməli, real vəziyəti öyrənməli, eyni zamanda banklara verdiyi tapşırığın icra
vəziyyətinə və maliyyə hesabatlarının səhihliyinə nəzarəti gücləndirilməlidir. Bunlarla bərabər bank
inzibatçılarının məsuliyyətinin artırılması üçün qanunvericilikdə dəyişiklik edilməli və bu cür hallar cinayət
məsuliyyəti yaratmalıdır.
Banklara əmanət yerləşdirilməsində davamlı artıma nail olmaq üçün banklara inamın, etibarın gücləndirilməsi
vacibdir. Son aylarda bir-birini əvəz edən arzuolunmaz hallar banklarda olan əmanətlərin həcminin
azalmasına səbəb olub. 2020-ci ilin martın əvvəlində banklarda 8,7 milyard manata yaxın əmanət olduğu
halda, iyunun 1-də əmanətlərin həcmi 7,66 milyard manata qədər geriləyib. Əmanətlərin azalmasının bir
səbəbi bağlanan banklarla bağlıdırsa, digər səbəbi bu cür halların təsirindən insanlarda narahatçılığın
yaradılmasıdır.
Vasif CƏFƏROV