“Modern Diplomacy”da Azərbaycanın təşəbbüsü ilə məqalə dərc olunub

30 İyun 2020 12:01 (UTC+04:00)
Beynəlxalq münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın Avropa İttifaqının "Modern Diplomacy" portaında "Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası çağırılacaq" başlıqlı məqaləsi dərc edilib. Məqalədə COVID -19 pandemiyası kontekstində Azərbaycanın milli səviyyədə gördüyü işlər və əldə etdiyi uğurlarla yanaşı, onun həm də artıq "orta miqyaslı bir güc" olaraq beynəlxalq müstəvidə apardığı uğurlu xarici siyasətdən bəhs edilir. Həmçinin bildirilir ki, bu çətin zamanlarda belə Azərbaycan beynəlxalq normaları təbliğ edən bir dövlət kimi fəal siyasət yürüdərək Türk Dövlətləri Şurası və Qoşulmama Hərəkatının virtual zirvə toplantılarını çağırıb və özünütəcrid siyasətinin əməkdaşlıq və həmrəyliklə əvəz edilməsinin dünya miqyasında COVID-19-la mübarizədə daha düzgün nəticələrə gətirəcəyini nümayiş etdirib. Müəllif qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin may ayının 5-də keçirilmiş Qoşulmama Hərəkatının virtual zirvə toplantısında irəli sürdüyü BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının çağırılması təşəbbüsü əvvəl Qoşulmama Hərəkatı dövlətləri tərəfindən, sonra isə BMT dövlətlərinin üçdə ikisi, 130 dövlət tərəfindən dəstəklənib və müvafiq sessiyanın çağırılması razılaşdırılıb. Təşəbbüsün əleyhinə çıxış edən yalnız Ermənistan olub: "Bu zamanadək BMT Baş Assambleyasının yalnız məhdud sayda xüsusi iclasları keçirilib və insanların həyatını təhlükəyə atan və yaşadığımız dünya nizamının əsaslarını sarsıdan COVID-19 pandemiyası, eləcə də BMT Təhlükəsizlik Şurasında COVID-19 pandemiyasını beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi səciyyələndirən müvafiq qətnamənin olmaması fonunda BMT Baş Assambleyasında bu səpkidə müzakirələrin daha müntəzəm olaraq aparılmasına böyük ehtiyac var. Azərbaycanın təşəbbüsü ilə BMT BA-nın xüsusi sessiyasının çağırılması bir daha onu göstərir ki, beynəlxalq əməkdaşlıq, çoxtərəfli diplomatiya və qlobal həmrəylik yaşadığımız bu çətin zamanlarda milli eqoizm və özünü təcridi əvəz etməli və gözəgörünməz düşmənlə mübarizədə hər kəs bir olmalıdır".