Hikmət Hacıyev: Ermənistan hakimiyyəti koronavirusla bağlı rəqəmlərin əksəriyyətini gizlədir

30 İyun 2020 19:15 (UTC+04:00)
Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində ölkədə koronavirusla bağlı acınacaqlı vəziyyət höküm sürür. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib. H.Hacıyev bildirib ki, Ermənistan hakimiyyəti rəqəmlərin əksəriyyətini gizlədir, düzgün məlumat vermir. PA rəsmisi vurğulayıb ki, Ermənistan dünyadan yardım diləndiyi halda, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı qlobal təşəbbüsünə qarşı çıxır: "Bu, bir daha Ermənistanın əsl mahiyyətini ortaya qoymuş oldu. Bütün dünya ölkələri koronavirusla bağlı həmrəylik nümayiş etdirir. Dünya ölkələri bəyan edir ki, bu təşəbbüs çox vacib və yerində irəli sürülən bir təşəbbüsdür. Lakin Ermənistan tərəfi bu təşəbbüsə qarşı çıxmaqla əsl mahiyyətini ortaya qoymuş oldu".