Azərbaycanın təşəbbüsünün dünyada dəstəklənməsi Ermənistanda ciddi narahatlıq yaradıb

1 İyul 2020 08:08 (UTC+04:00)

 

Azərbaycanın dünya miqyasında nüfuzu günü-gündən daha da yüksəlir.  Bunu Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının mayın 4-də keçirilən onlayn Zirvə toplantısında BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizəyə həsr olunan  xüsusi sessiyasının çağırılması təşəbbüsü və bu təklifin 130 ölkə tərəfindən dəstəkləməsi də təsdiqləyir.

Yəni təklif dünyada geniş rezonans doğurub. Çünki Azərbaycan Prezidentinin sözügedən təklifi məhz COVİD-19-a qarşı effektiv mübarizə aparmaq üçün dünya dövlətlərinin səylərinin birləşdirilməsi, deməli, yaşadığımız bəşəriyyətin xilas edilməsinə yönəlik təklifdir. Bu mənada bəşəriyyətin xilası üçün düşünün dövlətlərin həmin təklifi dəstəkləmələri başa düşüləndir. Amma hər bir müsbət, insanlığın xilasına yönəlik addımlara qarşı çıxan Ermənistan yenə də belə bir təklifin  əleyhinə çıxıb.  Bu azmış kimi, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi Ermənistanda ciddi narahatlıq yaradıb.

Siyasi icmalçı Azər Həsrətin fikrincə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasını çağırmaq təşəbbüsünün 130 ölkə tərəfindən dəstəklənməsi İrəvanı ona görə narahat edib ki, bu addım Azərbaycanın diplomatiya sahəsində düşmən üzərində əldə etdiyi növbəti, daha ciddi bir qələbədir: “Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizə dövründə də özünün üstün cəhət və xüsusiyyətlərini sərgiləməkdədir.  Yəni tək Azərbaycanı, xalqımızı və ölkəmizi deyil, bütövlükdə bəşəriyyəti düşünərək addımlar atır.  Prezident bununla bir daha bir dünya lideri olaraq bir daha özünü göstərdi.

Bundan əvvəl Prezidentin sədrliyilə Türk Dövlətlərinin Zirvə toplantısı keçirildi. Burada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi də iştirak edib. Ardınca,  Azərbaycan Prezidentinin rəhbərliyi altında Qoşulmama Hərəkatının Zirvə görüşü də oldu.  Bundan başqa, Prezident İlham Əliyev ayrı-ayrı beynəlxalq təşkilatlar,  xüsusən də yeni texnologiya istehsalı ilə məşğul olan biznes qurumlarının rəhbərlərilə də dəfələrlə görüşlər keçirib.  Dövlət başçısı, nəhayət BMT səviyyəsində pandemiya ilə mübarizə üzrə müzakirələrin təşəbbüskarı kimi də çıxış etdi.  Əslinə qalanda, bu kimi təşəbbüsləri ABŞ, Çin, Avropa İttifaqı və ona bənzər digər böyük dövlətlərdən gözləyirdik. Amma göründüyü kimi, onlar tərəfindən belə təşəbbüslər gəlmədi.  Azərbaycan kimi coğrafi baxımdan kiçik, əhalisi az olan dövlətin rəhbəri İlham Əliyev isə bəşəri məsuliyyətini dərk edərək bu təşəbbüsü ələ aldı və irəli sürdü.

Düşünürəm ki, bu fonda Ermənistanın narahat olması üçün ən ciddi faktorlar məhz budur.  Çünki, müqayisədə belə addımları ilə Azərbaycan dövlət başçısı bəşəri, qlobal məsuliyyəti dərk edən lider kimi özünü göstərdi.  Ermənistan rəhbərliyi isə faktiki olaraq bu proseslərin içində itib batıb.  Hətta onlar  ölkələri daxilindəki prosesləri belə idarəedəcək gücdə deyillər.  Ona görə də erməni ictimai rəyi, ağlı başında olan ermənilər narahatdır. Bu narahatlıq Ermənstan hakimiyyətinə yaxşı perspektiv vəd etmir.  İrəvandakı rejimi bu fonda  qıcıqlandıran, qorxuya salan məqam da məhz budur.  Ermənilərin xisləti bəllidir.  Onlar, hətta bütün dünyanın məhv olması hesabına belə öz çirkin iddialarından əl çəkən deyillər. Yəni onlara görə, bütün dünya batır, batsın, təki özlərinin mənfur iddiaları gerçəkləşsin. Hərçənd dünya batacağı təqdirdə, onları iddiaları da batacaq.  Azərbaycan liderinin bəşəriyyəti xilas edəcək belə təşəbbüslərlə önə çıxması, özəlliklə də qlobal müstəvidə önə çıxması təbii ki, erməniləri narahat edib.   Mənfur qonşularımız məsələnin o tərəfini düşünmürlər ki, belə təşəbbüslərin reallaşması fonunda bütün dünya, o cümlədən ermənilərin özləri də xilas olunacaq.  Ermənilər düşünür ki, dünyanın xilas olunması təşəbbüsünün önündə Azərbaycan Prezidenti gedirsə, onlar uduzmuş durumda olacaqlar.  Düşmən ölkəni narahat edən də budur”.

“Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bildirdi ki, sözügedən təşəbbüsə əksər dünya ölkələrinin dəstək verməsi Azərbaycanın imicinin güclənməsinə gətirib çıxardığından düşmən ölkə həmin təşəbbüsdən belə narahatlıq keçirir:  “Azərbaycan və Ermənistan müharibə vəziyyətində olduğundan aydındır ki, iki ölkə arasında tək hərbi sahədə deyil, diplomatik müstəvidə də mübarizə gedir. Təbii olaraq, tərəflərdən birinin hansısa beynəlxalq təşkilatda dəstək qazanması, mühüm təşəbbüslərlə çıxış etməsi digər tərəfi qıcıqlandırır. 

Nəzərə alaq ki, keçən əsrin 90-cı illərin əvvəllərində xaricdəki erməni lobbisi  və diasporunun səyləri ilə Ermənistanın beynəlxalq mövqeyi daha yaxşı idi.  Amma ötən müddən ərzində Azərbaycan bu vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirə bildi.  Belə şəraitdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və ondan sonrakı dövrdə  Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın işğalçı siyasətilə bağlı qəbul etdiyi sənədlər, habelə  AŞPA-nın bu iqtiqamətdə qəbul etdiyi sənədlərin şahidi olduq. Bunan başqa, Azərbaycan BMT Təhlükəsizlik Şursının qeyri-daimi üzvü seçildi, burada dəstək aldı.   Bunlar Azərbaycanın yaratdığı dönüşün göstəricisidir. İndiki şəraitdə də Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının çağırılması təşəbbüsü ilə çıxış etməsi və 130-dan artıq ölkənin təşəbbüsü dəstəkləməsi əhəmiyyətli bir məsələdir. Bu müstəvidə İrəvanın narahatlıq keçirməsi də təbiidir. Onların narahatlıq keçirirsə, deməli atılan bu addım Azərbaycanın xeyrinədir.  Həmin təşəbbüs ideyasının özü maraqlı və faydalıdır.  130 ölkənin onu dəstəkləməsi həm insanlıq, həm də Azərbaycan diplomatiyasının adına müsbət məqamdır. Ona görə də Ermənistan bunu qısqanclıqla qarşılayır, bu da təbiidir.  Çünki işğalçı ölkə olaraq fikirləşirlər ki, Azərbaycanın diplomatik mövqeyinin güclənməsi İrəvana qarşı gələcəkdə hansısa addımların atılmasına səbəb ola bilər. Bu baxımdan da narahatdırlar”.

Rüfət NADİROĞLU