Milli Şura fəaliyyətini şər-böhtan üzərində qurduğunu özü etiraf edir

1 İyul 2020 08:36 (UTC+04:00)

 

Milli Şuranın timsalında radikal müxalifət yersiz açıqlamaları, hərəkətlərilə özünü ifşa etməkdə davam edir. Milli Şuranın keçirdiyi son onlayn tədbirləri siyasi müzakirələrdən daha çox, qeybət, çər-böhtan məclisini xatırladır. Bu qorum son videomüşavirə ilə də özlərini bir daha ifşa etdilər. Belə ki, Milli Şura üzvü Vahid Məhərrəmli deyir ki, bekarçılıqdı, tema da yoxdu, gəlin biz hökumətdən karantinə görə bu dəfə 500 manat tələb edək, nəyə görə tələb edək, bilirik onsuz verməyəcəklər, amma biz bunu görüntü üçün də olsa ona görə deməliyik ki, xalq da görməlidir ki, biz bu xalqın qayğısını çəkirik, qeydinə qalırıq”. Qənimət Zahidov isə etiraf edir ki, onların işi hökuməti şərləməkdir.

Bu açıqlamalar bir daha göstərir ki, Milli Şurada təmsil olunanlar siyasətdən tamamilə uzaq, bura təsadüfən düşmüş insanlardır. Yurddaş Partiyasının sədri Mais Səfərli radikal müxalifət hakimiyyətdə olduğu ildəki kimi, indi də milli maraqlarımıza zidd siyasət yürüdür: “Əvvəl baxaq görək, bu radikallar kimdir, keçmişləri nədən ibarət olub, hardan qaynaqlanırlar?  Onlar vaxtilə Milli Azadlıq Hərəkatında, sonradan da hakimiyyətdə olan insanlardır. Lakin hakimiyyətdə olan dövrdə yarıtmaz fəaliyyətlərilə Azərbaycanı pis vəziyyətdə qoydular. Nə yaxşı ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi. O gələrək çətinliklə də olsa ölkədə stabillik yaratdı, Azərbaycanı dağılıb parçalanmaqdan xilas etdi. Bu işlər nəticəsində Azərbaycan düz yola qədəm qoydu.

Bu gün də Azərbaycan  etibarlı əllərd

ədir. Prezident İlham Əliyev Heydər Əliyev kursunu uğurla davam etdirərək, stabilliyi qoruyub saxlayır. Azərbaycan dövləti bu illər ərzində  bütün sahələr üzrə əhəmiyyətli inkişafa nail olub.  Amma radikal müxalifətdə təmsil olunanlar heç dəyişməyib. Necə ki, hakimyyətdə olan dövrdə səhvlər buraxırdılar, indi müxalifətdə olduğu illərdə də milli və dövlətçilik maraqlarımıza daban-dabana zidd olan fəaliyyət  göstərməkdə davam edirlər.  Onların son bir neçə aydakı, pandemiya dövründəki fəaliyyətlərinə nəzər yetirsək, görərik ki, bunların fəaliyyəti nə siyasətlə, nə də ümumiyyətlə politologiya ilə heç bir əlaqəsi yoxdur”.

Həmsöhbətimiz qeyd etdi ki, Milli Şuraya toplaşan bir qrup insan ancaq öz marağı üçün çalışır və bu zaman xaricdəki Azərbaycan əleyhinə olan qüvvələrə sanki bir güc verir, onların  dəyirmanına su tökürlər: “Radikalların bu “fəaliyyəti Azərbaycanı sevməyən həmin xarici qüvvələrin daha kəskin formada dövlətimizin üstünə gəlməsinə rəvac verir. Radikalların yanlış donosları bu dairələrə Azərbaycanın üstünə düşmələri üçün sanki bir material verir”.

M. Səfərli düşünür ki, Milli Şuranın iclasları lağlağı məclislərini xatırladır: “Radikallar virusdan necə qorxublarsa, daha bir yerə yığışmır, sadəcə videokonfrans keçirməklə işlərini bitirirlər. Bu videokonfranslar da göründüyü kimi, lağlağı məskənidir. Biri alt paltarda uzanır, ağızlarına gələni, boş, mənasız, siyasətə bağlı olmayan söhbətlər edirlər. Bu vəziyyət onu göstərir ki, həmin insanlar tükənib, sadəcə suyun üzərində qalmaq üçün, gün keçirmək üçün lağlağıya keçiblər.  Hökumətimiz indiki dövrdə də mümkün olan nə varsa edir, insanların, sahibkarların maddi imkanlzrını qarşılamaq üçün dövlət dəstəyi proqramları həyata keçirir. Nəticədə bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda heç kim ac-sussuz qalmayıb. Sahibkarlar da öz itkilərini qarşılayıb, onlara müəyyən vergi güzəştləri edildi. Radikallar isə düşünür ki, şişirdilmiş tələblər qoymaqla guya özlərini vətəndaşların qarşısında özlərini yaxşı müstəvidə göstər biləcəklər. Bununla onlar özlərini lağlağı obyektinə çeviriblər. Hesab edirəm ki, radikallara baxanlar tezliklə onlardan üz döndərir və daha baxmır.  Onlar artıq ikrah doğururlar. Ona görə də vətəndaşlarımızın mütləq əksəriyyəti onlardan imtina edir”.

Partiya sədri dedi ki, Milli Şuraya toplaşanlar siyasi savadı olmayanlardır: “Onların fəaliyyəti meydan tamaşalarının təşkilini nəzərdə tutan frikşou kimi bir şeydir. Radikallar da özlərini məhz frikşou aktyorları səviyyəsinə salıblar. Bu da böyük ikrah hissi yaradır. Onların siyasətlə heç bir əlaqəsi yoxdur. Belə lağlağı əməllərində məqsədləri ölkəni xaos, hərc-mərcliyə sürükləməkdir. Lakin nə qədər çabalasalar da buna nail olmayacaqlar. Çünki Azərbaycanda xalq-iqtidar birliyi möhkəmdir. İnsanların mütləq əksəriyyəti iqtidarın gördüyü işləri dəstəkləyir, onun arxasınca gedir”.

R. SOLTANOV