LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

1 İyul 2020 07:15 (UTC+04:00)

Azərbaycanda sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının sadələşdirilməsi, bu sahədə müasir informasiya kommunikasiyalarının mütərəqqi yeniliklərinin tətbiqi istiqamətində son illər kompleks tədbirlər həyata keçirilib, «e-xidmətlər»in geniş tətbiqi biznes mühitinin daha da yaxşılaşdırılmasına səbəb olub. 
Xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyevin hələ 30 aprel 2007-ci il tarixdə imzaladığı «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» fərman bu istiqamətdə mühüm sənədlərdən olub. Belə bir fərmanın imzalanması o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda, süründürməçilik hallarının aradan qaldırılması sahəsində, sözün əsl mənasında, fundamental dəyişikliklərə yol açıb. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının «bir pəncərə» - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdı. Həmçinin, fərmanda biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açılması kimi məsələlər ehtiva olunmuşdu. 
Ötən illərdə sahibkarlıq subyektlərinin «bir pəncərə» prinsipi üzrə qeydiyyat sisteminin tətbiqi, habelə bu sahədə elektron xidmətlərin genişləndirilməsi sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının dinamikasına müsbət təsir edib. 2007-ci ildən etibarən həyata keçirilmiş bu islahatlar hüquqi şəxslərə və fərdi sahibkarlara vergi orqanına getmədən internet vasitəsilə vergi uçotuna dayanma imkanı yaradıb. 2008-ci ildən vergi orqanları tərəfindən ümumilikdə, 800 mindən çox sahibkarlıq subyekti, o cümlədən 120 minə yaxın kommersiya hüquqi şəxs «bir pəncərə» prinsipi əsasında qeydiyyata alınıb və bu mütərəqqi qeydiyyat üsulundan yararlanıb. 
Bu sistemin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlib, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyi üzrə dünya miqyasında 144 ölkə arasında 35-ci yerdədir və ardıcıl olaraq 10 ildir ki, MDB ölkələri arasında birincidir. 
Ölkə başçısının 2014-cü il 3 mart tarixli «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmanı bu sahədə ötən illərdən başlanmış islahatların mütərəqqi davamını təmin edəcək mühüm sənəd kimi dəyərləndirilir. Fərman Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, sahibkarlığın inkişafına geniş imkanlar açıb. Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət qurumları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasını tələb edir.
Preamblua hissəsində qeyd olunduğu kimi, fərman ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsinə və əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edib. Fərmana əsasən, Nazirlər Kabineti qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla Vergilər, İqtisadiyyat və Sənaye, Ədliyyə, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim ediblər. 
Sənəddə, həmçinin tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması; elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi; daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması; kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi; idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq təkliflərin hazırlanması tapşırılmışdı. 
İqtisadiyyat Nazirliyi fərmanda verilmiş tapşırıqların icrası ilə bağlı təkliflər paketini hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edib. Təkliflər paketi hazırlanarkən dünyada mövcud ən qabaqcıl və mütərəqqi təcrübə əsas götürülüb. Fərmana uyğun olaraq aparılacaq islahatlar çərçivəsində 2-si yeni olmaqla 6 qanunun qəbulu nəzərdə tutulur. "Özəl kredit büroları haqqında" qanuna əsasən, hüquqi və fiziki şəxslərin kredit tarixçəsini aparan özəl kredit büroları yaradılır. 
"Təminatlı əqdlər haqqında" qanunla mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayan əmlak və digər hüquqlar üzərində təminat hüquqlarının yaranması, qeydiyyatı, həyata keçirilməsi və s. məsələlərlə bağlı münasibətlər tənzimlənir. Qeyd olunan qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradır. Bundan başqa, «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi məqsədilə Mülki Məcəlləyə, Şəhərsalma və Tikinti Məcəlləsinə, «Müflisləşmə və iflas haqqında» qanuna və digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb.
Ölkə başçısının fərmanı əsasında təkliflərin hazırlanması zamanı biznesin qeydiyyatı və investorların maraqlarının müdafiəsi sahəsində Yeni Zelandiyanın, tikintiyə icazələrin alınması sahəsində Honq Konqun, elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində İslandiyanın, əmlak hüquqlarının dövlət qeydiyyatı sahəsində Gürcüstanın, kreditlərin verilməsi sahəsində Malayziyanın, idxal-ixrac əməliyyatları sahəsində Sinqapurun, müəssisələrin bağlanması sahəsində Yaponiyanın təcrübəsi öyrənilib. 
İdxal-ixrac əməliyyatlarının aparılması sahəsində «bir pəncərə» sisteminin təkmilləşdirilməsi də diqqət mərkəzindədir. Xatırladaq ki, 2009-cu ilin 1 yanvarından etibarən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi tətbiq edilir. Yeni Gömrük Məcəlləsinin tətbiqi ilə idxal-ixrac əməliyyatları sahələrində inzibati prosedurlar daha da sadələşdirilib. «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmana müvafiq olaraq bu sahədə islahatlar davam etdiriləcəkdir. bir sıra normativ-hüquqi aktlara dəyişiklik edilməklə idxal-ixrac zamanı gömrük nəzarətinin həyata keçirilməsi üçün cəmi 2 sənəd - nəqliyyat sənədi və bəyannamə tələb olunmalıdır. 
Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, "ASAN xidmət" modelinin formalaşdırılması, biznes forumların, konfransların keçirilməsi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor yaranıb.
Regional inkişaf tədbirlərinin davamı kimi ölkə başçısının 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın regionların inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradıb. 2019-2003-cü illəri əhatə edən yeni dövlərt proqramı isə ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin yaradılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva edir. 

S.Elmanoğlu