OPEC+ genişləndirilməsi zərurətə çevrilib

3 İyul 2020 13:30 (UTC+04:00)

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov neft hasilatının azaldılması üzrə OPEC+ sazişinin iştirakçılarının sayını artırmağa çağırıb. Nazir bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Valday” Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfransında çıxışı zamanı çağırış edib.

“Neft bazarındakı sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Bu baxımdan ölkələri, digər istehsalçıları cəlb etməklə OPEC+ formatının daha da genişləndirilməsini vacib sayıram”. Bütün hasilatçıların neft qiymətinin yüksəlməsini istədikləri bir vaxtda bu təklif onların maraqlarına cavab verir. Bu baxımdan ölkələri, digər istehsalçıları cəlb etməklə OPEC+ formatının daha da genişləndirilməsi mümkündürmü?

Xatırladaq ki, OPEC+ formatının yaradılması ideyası 2016-cı ildə verilib və bu ideyanın müəllifi Azərbaycandır. 2016-cı ildə Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda çıxışı zamanı OPEC+ formatı ilə bağlı təçəbbüsünü irəli sürüb. Orada dövlət başçısı neft istehsal edən ölkələrin OPEC+ formatında iclasının keçirilməsi tezisini irəli sürərək, bu formatın OPEC-in üzvü olan ölkələrlə neft hasil edən, lakin bu qurumda təmsil olunmayan ölkələrin birgə toplantısını keçirməyə imkan verəcəyini əsaslandırmış, o cümlədən enerji resurslarının hasilatı və ixracı, dünya bazarında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini təşkil etmək şansının meydana gələcəyini ifadə etmişdi.

O zaman İlham Əliyev neftin qiymətinin sabitləşdirilməsi və 70 dollar civarında saxlanması ilə bağlı məqamların da təhlilini vermişdi. Bütün bunların dünya bazarında neftin qiymətinin 60-70 dollar çərçivəsində qalmasında mühüm rol oynadığını təcrübə göstərdi. Dövlət başçısının səmərəli təklifləri və irəli sürdüyü təşəbbüslər dünya enerji bazarında stabilləşməyə ciddi töhfə verdi.

Bu təşəbbüsə uyğun olaraq 2016-cı ilin sentyabrında OPEC+ formatı çətçivəsində ilk razılaşmalar oldu. OPEC+ formatına OPEC-ə üzv dövlətlər (onların sayı 12-dir) və digər iri həcmdə neft hasil edən ölkələrdən 10 ölkə (Rusiya, Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Şimali Sudan və Sudan) qoşulub. Ümumilikdə, 22 ölkə dünyada neft qiymətlərinin optimallaşdırılmasına böyük töhfə verir.

Bu ölkələrin ilk razılaşmasına əsasən gündəlik hasilat 1 milyon barel azaldıldı və əldə edilən razılaşma bazarlarda qiymətlərin əlverişli səviyyədə formalaşmasına kömək etdi. 2020-ci ildən dünyada koronavirus pandemiyasının yaranması nəticəsində neft qiymətləri son 20 ilin ən aşağı səviyyəsinə düşdü. Neft bazarında qiymətləri tənzimləmək üçün OPEC+ ölkələri yeni razılaşma əldə etdi. Həmin razılaşmaya əsasən may-iyun aylarında gündəlik hasilat 9,7 milyon barel, sonra ilin sonuna qədər 7,7 milyon barel, 2021-ci il ərzində 5,8 milyon barel azaldılmalıdır. Hasilatın azaldılmasına bazarın reaksiyası göstərdi ki, 2 ay ərzində 9,7 milyon barellik azalma kifayət etməyəcək. Buna görə də 2 aylıq müddəti 3 ayla əvəz etdilər.

Lakin zaman göstərir ki, bazarda qiymətlərin əlverişli səviyyə yüksəlməsi üçün hasilat daha çox azaldılmalıdır. Razılaşmaya qoşulan ölkələr hasilatı daha çox azalda bilmədiyindən başqa iri neft hasilatçılarının da bu prosesə dəstək verməsi lazımdır. Azərbaycan məhz bunu nəzərə alaraq digər iri hasilatçıların da prosesə qoşulmasını istəyir.

Bəs, digər iri hasilatçılar kimlərdir? Bunların arasında ilk sırada ABŞ dayanır. ABŞ-la bərabər Çin, Kanada, Brazilya, Norveç, Böyük Britaniyada iri həcmdə neft istehsal edir. Bu ölkələrdə gündəlik hasilat 1 milyon barel və ya ondan çoxdur. Bu ölkələr də OPEC+ formatına qoşulub, müəyyən öhdəlik götürsələr, o halda gündəlik hasilat daha çox azalar və neft qiymətləri sürətlə 50-60 dollar intervalına yüksələr.

Kənarda qalan ölkələrdən yalnız ABŞ gündəlik hasilatı azaldır. Digərləri isə bunu etmir. Ona görə də neft qiymətlərini optimallaşdırmaq çətindir. Yalnız pandemiyanın başa çatmasından və karantinin aradan qaldırılmasından sonra qiymətlərin əvvəlki səviyyə çatmasını görmək olacaq. Proqnozlaşdırılır ki, bu gedişlə bazar əvvəlki vəziyyətinə 2021-ci ilin sonlarında çatacaq. Bu isə olduqca uzun müddətdir. Buna görə də hasilatın daha çox azaldılması və neft təklifinin nəzarətdə saxlanılması üçün OPEC+ formatına digər iri istehsalçıların da qoşulması şərtdir.

 

Vasif CƏFƏROV