Vətəndaş məsuliyyəti və maarifləndirmə sərt karantində virusla mübarizədə mühüm rol oynayacaq

4 İyul 2020 08:48 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19 virusunun yayılma sürətinin azaldılması, onun törədə biləcəyi fəsadların minimuma endirilməsi üçün Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimini 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadıb.  Qərara əsasən 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti də dayandırılır. Habelə sözügedən şəhər və rayonlarda 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-ya, 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-ya və  18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. 20 iyul saat 06:00-dək yuxarıda adları qeyd olunan 16 ərazidə iri ticarət mərkəzlərinin fəaliyyəti, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər, muzey və sərgi zallarının fəaliyyəti,  bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər təhsil müəssisələrinin fəaliyyəti açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi qadağan edilir. Əvvəlki dövrdə verilən digər qadağalar da yerində qalır.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. Yeni sərt karantin  rejimi koronavirusun yayılmasının qarşısını nə dərəcədə ala biləcək və ehtiyac olsa karantin müddəti daha da uzadıla bilərmi?

Tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, virusun yayılmasının qarşısının necə alınacağı bütün hallarda vətəndaşların karantin rejiminə, tövsiyyələrə  necə əməl etmələrindən asılı olacaq: “Əslində proseslər göstərir ki, tətbiq edilən ikini həftədir ki, tətbiq edilən yeni karantin rejimi virusa yoluxma hallarının azalmasına təsir edə bilməyib. Belə ki, yoluxmanın artıq kifayət qədər geniş arealı əhatə etdiyini görürük. Abşeron yarımadasında vəziyyət daha kritikdir.  Buradan da insanlar müəyyən yollardan istifadə edərək rayonlara getməklə həmin ərazilərdə də təhlükəli vəziyyətin yaranmasına səbəb olublar.  Nəticədə virusa yoluxma hallarının təəssüf hələ ki, artacağı proqnozlaşdırılır.  Prosesin bundan sonrakı inkişafı isə karantin tədbirlərinə necə əməl ediləcəyindən asılıdır. Keçən dəfə tətbiq edilən karantin rejiminin xüsusi təsirini müşahidə etmədik. Yenə də əhalinin demək olar ki, hamısı küçələrdədir, avtomobil əlindən yenə də tərpənmək olmur. Bunlar onu göstərir ki, karantin rejiminə ciddi şəkildə əməl edilmir. İsti yay günlərində insanları ümumiyyətlə evdə saxlamaq da xeyli çətindir. İnsanlar darıxır, həyətə düşür nəticədə burada da bir-birini yoluxdururlar. Sərt karantin rejiminin tətbiqi fonunda belə virusun yayılmasının azalmasına nail olma üçün əsasən işimizi maarifləndirmə üzərində qurmalıyıq.  Hələ də  virusun olmadığına inanan xeyli insan var”.

Həkim cdedi ki, maarifləndirmə tədbirləri gücləndirilməlidir: “Onların maarifləndirilməsi olduqca vacibdir.  Baxmayaraq ki, xeyli sayda həkim və yurnalistlər bu virusdan dünyasını dəyişib. Amma yenə də bəzi insanlar məsələyə başdansovdu yanaşır, özlərini cahil kimi aparır.  İnsanlar karantin tədbirlərinə, maska taxmaq, məsafə saxlamaq kimi adi qaydalara əməl etsəydi, bəlkə də belə sərt tədbirlərə ehtiyac qalmazdı. Düzdür, son zamanlar maska taxanların sayında xeyli artım var. Bunu cərimələrin miqdarının artması ilə əlaqələndirənlər var. Ancaq düşünürəm ki, bu hal cərimələrdən daha çox, xeyli adamların xəstələnməsi və ölməsi fonunda bunu görən, haqqında məlumat alan insanların sayının artması ilə bağlıdır. Çox güman ki, ehtiyac yaransa, sərt karantin rejimi yenə də uzadıla bilər. Real olaraq bu barədə indidən bir söz demək olmaz. Vəziyyət indikindən də ağır ola bilər.  Çünki xeyli sayda yoluxanlar var. Bu virus dəyişikliyə çox meyllidir.  Ona görə də dəyişiklik fonunda həmin viruslar özlərini müxtəlif cür aparır. Ola bilər bir müddətdən sonra yoluxanların sayı azalsın və tədricən də virus yoxa çıxsın. Hər halda hesab olunur ki, ilin sonuna doğru virus yoxa çıxacaq. Bununla belə, düşünürəm ki, müəyyən dövr üçün çətinliklər olacaq.  İnsanlar məsuliyyət hissini daha da artırmalıdır. Karantin rejiminə əməl etmək, məsafə saxlamaq, qoruyucu maskalardan istifadə etməklə öz sağlamlığımızı qoruya bilərik. Ehtiyac olmadıqda evdən çıxmayaaq. Ona görə də indi əsas məsələ, tövsiyyələrə əməl etməkdir. Bu da o deməkdir ki, virusa qalib gəlmək bizim özümüzdən, davranışlarımızdan  asılıdır”.

Rüfət NADİROĞLU    

 
 
.