Azərbaycana ermənilər tərəfindən vurulan ekoloji zərər böyüyür

25 İyul 2013 09:06 (UTC+04:00)

Ekoloji terror - bu, konkret ölkə və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Bu fonda xatırladaq ki, elə Azərbaycan da Ermənistan tərəfindən daimi bu kimi terrora məruz qalır.

Bir tərəfdən Ermənistanın "Zod" qızıl mədənindən çıxarılan qızılın yuyulması zamanı əmələ gələn zəhərli maddələr Araz çayına axıdılır. Gorus və Sisyanın sənaye müəssisələrinin tullantıları Həkəri çayı vasitəsilə, Qacaran və Qafanın mis-molibden emalı kombinatlarının zəhərli tullantıları Oxçu çayı vasitəsilə Araz çayına, Allahverdi-Şamlıq mədənlərinin tullantıları isə Debet çayı vasitəsilə Kür çayına axıdılır. Digər tərəfdən də vaxtaşırı ermənilərin cəbhə bölgəsində torpaq sahələrinə od vurmasını, meşələri qırmasını, təbii sərvətləri talan etməsini müşahidə edirik. Bu da cəbhə bölgəsində həm əkin sahələrin, həm də flora və faunaya kifayət qədər ziyan vurur.

Mütəxəssislərin rəyinə görə, yanğınların baş verdiyi dağ ətəyi ərazilər ölkənin ən münbit torpaqlardır və bu torpaqlardan ildə iki dəfə məhsul götürmək mümkündür. Ancaq yanğınlar zamanı torpağın münbit hissəsi sayılan üst təbəqəsi tamamilə sıradan çıxır, onun əvvəlki vəziyyətinə qaytarılması üçün isə 10 illərlə vaxt lazımdır. Bundan başqa, yanğının baş verdiyi işğal altındakı ərazilərdən müxtəlif ziyanvericilər, sürünənlər kütləvi sürətdə Azərbaycanın nəzarətində olan sahələrə keçir. Bu da həmin ərazilərdə məhsuldarlığın azalması ilə nəticələnir.

Ekoloq və hüquqşünas Samir İsayev bildirir ki, təxminən 5 il öncə yanğınlarla bağlı Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətin qarşısında məsələ qaldırmışdı: "ATƏT və BMT nümayəndələri ətraf mühitlə bağlı proqramları daxilində həmin ərazilərə səfəri olmuşdu. Yanğınların səbəbləri və onun ətraf mühitə zərəri müəyyənləşdirildi. Orada törədilən yanğnlar bir qismi bilərəkdən edilir. Bəzi hallarda isə havanın isti keçməsindən baş verib. Orada yanğınların törədilməsinin bir səbəbi də mövqedə duran hərbiçilərin bir - birini yaxşı görə bilməməsidir. Cəbhə bölgəsi aydın görünməsi üçün ermənilər oranı yandırırlar. Bu halların ətraf mühitə vurduğu zərər isə çox böyükdür. Yanğın zamanı həmin ərazidə olan fauna və flora məhv olur. Bitki növləri yanır, sıradan çıxır. Düzdür, bitkilərin bir müddətdən sonra bərpa olunma ehtimalı var. Amma heyvanlar həmin ərazidən miqrasiya edirlər. Ora maneəsiz ərazi olduğu üçün həmin ərazilərdə quşlar, sürünənlər, gəmiricilər özləri üçün yuva salıblar. Birdən-birə yanğınların olması həmin heyvanların, qaça bilənlərin isə balalarının məhv olmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün bütün mümkün beynəlxalq vasitələrdən istifadə olunub. Amma Qarabağ problemi həll olunmayana qədər hər il bununla qarşılacağıq".

"Yaşıllar" Hərəkatının sədri Fəridə Hüseynova bildirir ki, Kiçik Qafqazda olan flora və fauna təkrarolunmazdır: "Ona görə də onun yanğına düçar olması Kiçik Qafqazın ekosisteminə çox böyük ziyan vurur. Çünki, bəzi heyvanlar qaça, uça bilirsə, bəzilərinin hərəkət etmə sürəti yanğının sürətindən aşağıdır. Onlar həmin ərazilərdə yanıb qalırlar. Beləliklə də onların nəsli kəsilə bilər. Ermənilər isə dünyaya özlərini sivil ölkə kimi göstərməyə çalışırlar. Amma bu hərəkətləri bir xalq kimi özlərinə də zərbə vurur. Çünki, ətraf mühit yalnız bir ölkəyə məxsus deyil".

Xanım Hüseynova əlavə etdi ki, Böyük Qafqazda Kalxida bitki aləmi, Talış dağlarında Hirkan ekosistemi var: "Kiçik Qafqazda isə onların qarışıdır. Ona görə də Kiçik Qafqaz daha zəngin sayılır. Oranın özünəməxsus endemik bitkiləri, həşərat növləri var.

Hansı ki, orda olan kəpənək, arı və s. digər həşəratlar başqa yerdə tapılmır. Belə yanğınlar isə ən böyük zərbəni elə həmin endemik aləmə vurur".