Nursultan Nazarbayevin “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində işıq üzü görəcək

7 İyul 2020 13:15 (UTC+04:00)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Nursultan Nazarbayevin "Zaman və düşüncələr" kitabı Azərbaycan dilində işıq üzü görəcəkdir. Bugün Türk Dünyasının ağsaqqalı Nursultan Nazarbayevin 80 illik yubileyi tamam olur. Nursultan Nazarbayev dünyada və türkdilli ölkələrdə böyük nüfuza malik olan şəxsiyyətdir. Bir çox türkdilli beynəlxalq təşkilatlarının formalaşmasında onun danılmaz xidmətləri vardır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Sammitində, Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verilmiş, o, həmçinin "Türk Dünyasının Ali Ordeni"nə layiq görülmüşdür. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qazaxıstan Respublikasının Birinci prezidenti, Elbaşı Nursultan Nazarbayevin 80 illiyi münasibəti ilə "Zaman və düşüncələr" kitabı çapa hazırlanır. Nəşrdə Nursultan Nazarbayevin müxtəlif tədbir və konfranslardakı çıxışlarında, məqalələrində və müxtəlif illərdə çap olunan kitablarında yer almış fikirləri və düşüncələri toplanıb. Fərqli mövzuları əhatə edən fikirlərində o, dövlət xadimi və siyasətçi kimi, fəlsəfi görüşlərini ortaya qoyaraq, geniş panoramda Qazaxıstanın tarixi və müasir portretini yaradıb. Qeyd edilməlidir ki, Nursultan Nazarbayevin "Tuğan elim- Tiregim" (2001), "Özümün bilgilərim" (2003), "Düşüncələrimi xalqımla bölüşürəm" (2007) kitabları da oxucular tərəfindən geniş maraqla qarşılanmışdır. "Zaman və düşüncələr" kitabı da həmin əsərlərin məntiqi davamıdır.