AİM Açıq Hökumətin təşviqi ilə bağlı tədbir keçirib

25 İyul 2013 12:05 (UTC+04:00)

Avropaya İnteqrasiya Mərkəzinin Mətbuat və informasiya xidmətindən mövqe.az-a verilən məlumata görə, Avropaya İnteqrasiya Mərkəzi (AİM) Azərbaycan Respublikasının Prezidenti yanında seminar keçirib. Seminar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı Avrasiya Universitetində "İnternetdə informasiya azadlığına aid  Elektron xidmətlərin hüquqi tənzimlənməsi barədə olub. Seminar planı  Azərbaycan Respublikasında Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" mövzusunda keçirilib. 

Tədbirdə internetdə informasiya azadlığı və onun qanuni məhdudlaşdırılması məsələləri müzakirə edilib, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, modern və çevik idarəetmənin təmin edilməsi üçün vətəndaşlara səmərəli elektron xidmətlərin göstərilməsinin zəruriliyi qeyd olunub. 

Seminarda dövlət orqanlarının fəaliyyətləri barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, respublikamızda korrupsiyaya qarşı mübarizə və açıq hökumət prinsiplərinin tətbiqi üzrə görülən tədbirlər və digər mühüm əhəmiyyətli məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb. Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulan əsas müddəalar dinləyicilərin diqqətinə çatdırılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib. 

Layihə çərçivəsində "İnternet hüququ və etikası" kitabının hazırlanması və çap olunaraq ictimaiyyətə təqdim edilməsi də nəzərdə tutulub.