Birliyimiz sayəsində dünyanı cənginə alan pandemiyaya qalib gələcəyik

9 İyul 2020 18:50 (UTC+04:00)

Dünya Covid-19 ilə mübarizəyə davam edir. Bu mübarizə siyasi, iqtisadi və demoqrafik vəziyyətin dəyişməsinə səbəb oldu. Siyasi vəziyyətin dəyişməsi, ölkələr arasında münasibətlərin yaranmasına, onların bir-birlərinə yardım etməsinə səbəb olur. Məlumdur ki, virusa qarşı görülən tədbirlər birbaşa iqtisadiyyatın bir çox sahələrinə məsələn, turizm, səhiyyə və.s təsir edir. Ona görə də dünya iqtisadiyyatı tamamilə tənəzzülə uğraması təhlükəsi ilə qarşı-qarşıyadır. Demoqrafik vəziyyətin dəyişməsi isə ölüm hallarının sayının artması ilə əlaqədardır.

Azərbaycan da Covid-19 ilə mübarizəyə davam edən ölkələr siyahısındandır. Sərtləşdirilmiş karantin rejimi davam edir, çünki dövlətimiz üçün ən önəmlisi insanların sağlamlığı, daha sonra isə dövlətin iqtisadiyyatıdır. Covid-19-un artmasını nəzərə alaraq dövlətimiz lazımi tədbirlərə davam edir. Prezident İlham Əliyevin verdiyi məlumata əsasən, 800 çarpayılıq xəstəxana istifadəyə verilmişdir, 1-1,5 ay ərzində isə 1300 çarpayılıq yeni modul tipli xəstəxana istifadəyə veriləcək. Virusun geniş yayılmadığı zamanlarda 10 yeni modul tipli xəstəxana inşa edilmişdisə, hal-hazırda daha 10 yeni tipli modul xəstəxananın inşa edilməsinə göstəriş verilmişdir. Nəzərə almaq lazımdır ki, hazıda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxananın 36-sı prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilmişdir.

Pandemiya dövründə hər kəs qaydalara riayət etməlidir. Hüquq-mühafizə orqanları qaydaların riayət olunmasına ciddi nəzarət edirlər. Vətəndaşların riayət etməsi əsasdır, çünki dövlətin verdiyi qərarlar və vətəndaşların bunlara əməl etməsi ilə birləşdikdə nəticə almaq mümkün olacaqdır. Vətəndaşlar dövlət ilə əməkdaşlıq etməli, ona kömək olmalıdırlar.

Dövlətimizin iqtisadiyyatı düzgün, ciddi əsaslarla qurulduğuna görə, pandemiya dövrünün gətirdiyi çətinliklərə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayda cəmi 1.7 % tənəzzülə uğramışdır. Buna baxmayaraq iqtisadi tədbirlərin görülməsinə davam edilir. Məcburi köçkün və şəhid ailələri mənzil ilə təmin olunacaqlar. 85 min ailə ünvanlı sosial yardım alacaqdır.

BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə Azərbaycanın böyük təşəbbüsü vardı. Belə çətin bir dövrdə Azərbaycan prezidentinin etdiyi bu beynəlxalq təşəbbüs mühüm səciyyə daşıyır. Məlumdur ki, bütün dünya koronavirus ilə mübarizəyə daxil olmuşdur və dünya dövlətləri bu ağır vəziyyətdən çıxış yolunu birgə tapmaqda maraqlıdırlar, lakin özünütəcrid və özünəqapanma siyasəti manedir. Görünür ki, tək mübarizə nəticə vermir. Azərbaycan prezidenti bütün bu özünütəcrid və özünəqapanma meyillərinə son deyərək bütün dünya dövlətlərini bu təhlükə ilə birgə mübarizə

etməyə, çıxış yollarını birgə tapmağa səsləmişdir. Bu təşəbbüs digər dünya ölkələri tərəfindən də dəstəkləndi və müsbət qarşılandı, lakin sessiyanın keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan oldu. Bu etiraz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən gündəmə gəlməsinin verdiyi narahatlıq səbəbindən Ermənistanın yenidən təcrid edilmiş vəziyyətdə qalmasına səbəb oldu.

Dünya dövlətlərinin bir ordu kimi birləşməsi, birlikdə qurulan düzgün strategiya nəticəsində bu COVİD-19 düşmənini dəf etmək, ona qalib gəlmək mümkün olacaqdır. Tez və yaxud gec dəf etmək isə biz insanların əlindədir. Çətin anlarda bir-birimizə və dövlətə dəstək olmaq, yardım etmək, karantin rejiminin qayda-qanunlarına riayət etmək bizim borcumuzdur.

Nəsimi rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi Əhmədzadə Leyla