Cəbhədə Ermənistana növbəti ağır zərbə vuruldu

14 İyul 2020 08:28 (UTC+04:00)

"Cəbhədə dəhşətli hadisələr gedir. Qardaşım zəng edib dedi ki, Azərbaycan tərəfindən artilleriya atəşi açılır. Hospital və klinikalar yaralılarla doludur". Bu sözləri erməni sosial media istifadəçisi Diana Arutyunyan Azərbaycan-Ermənistan cəbhə xəttinin Tovuz rayonu istiqamətində baş verən hadisələrdən sonra yazıb.

O bildirib ki, qardaşından aldığı məlumata görə, Ermənistan ordusu çox sayda itki verib: "Qardaşım ölü əsgərlərlə dolu 3 yük maşınının hərəkət etdiyini görüb. 70 əsgərin öldüyü, 300 yaralının olduğu bildirilir. Amma qardaşım ölülərin gördüyündən daha çox, hətta 200-dən çox ola biləcəyini də dedi. Nə edəcəyimizi

bilmirik. Qardaşımla əlaqə itib. Şəhərdə təşviş var. Hökumət isə heç bir şey etmir". Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi ordunun itkisiniu gizlədir.

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyi ərazisində atəşkəs rejimini kobud surətdə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tuturaq hücuma keçməyə cəhd göstəriblər. Azərbaycan ordusunun həmin ərazidə mövcud olan hissə və birləşmələrinin gördükləri tədbirlər nəticəsində, o cümlədən artilleriya və tank bölmələrini ehtiyat və əsas atəş mövqelərinə çıxarmaqla düşmən təxribatının qarşısını almağa nail olublar. Hərbi eksperti Ədalət Verdiyev qeyd edib ki, ilk andan erməni tərəfi guya Azərbaycan ordusunun UAZ markalı avtomobillə Ermənistan sərhəddini pozmaqda ittiham edərək baş verən bu toqquşmaya görə məsuliyyəti öz üzərindən atmağa cəhd edir: “Lakin bu açıqlamaların heç bir əsası yoxdur. Çünki həmin ərazi tamamilə hər iki tərəfdən minalanıb. İkincisi maksimal görüntü məsafəsinin təyin olunduğu iyul ayında heç bir silahlanmaya malik olmayan, sadəcə daşınma vasitəsi kimi istifadə olunan UAZ markalı maşınla düşmən mövqelərinə doğru irəliləmək heç bir məntiqə sığmır. Digər tərəfdən insident Ermənistanın hazırda müəyyən qədər KTMT və onun aparıcı dövləti olan Rusiya ilə problemləri yarandığı bir dövrdə sanki KTMT-ni bu münaqişəyə cəlb etmək üçün attdığı bir addımı kimi də dəyərləndirilə bilər. Bu kimi hadisələrə daha əvvəllər rast gəlmişik. Buna görə də bu cür addımlar artıq bizi təəccübləndirmir. Digər tərəfdən biz dəfələrlə Ermənistanın həmin sərhəd boyunca yerləşən kəndlərdə yaşayan mülki əhalini hədəf alması kimi çoxsaylı təxribatları ilə də qarşılaşmışıq. Hazırda bölgədə yerləşən Azərbaycan ordusu tamamilə vəziyyətə tam nəzarət edir. Həmin mövqelərdə müdafiə olunan hissə və birləşmələrimizin mövqelərində heç bir dəyişiklik yoxdur. Düşmən öz mövqelərinə doğru çəkilməyə məcbur qalıb. 3 saata yaxın davam edən döyüşlər barədə də dünya mediasında da xüsusi diqqət yetirilib”. Hərbi ekspert qeyd edib ki, qarşı tərəfin itkiləri ilə bağlı konkret rəqəmlər demək çətindi: “Əvvəlki illərdən fərqli olaraq erməni kütləvi informasiya vasitələri bu dəfə xüsusi susquluq nümayiş etdirməkdədir. Lakin döyüşlərin bu qədər şiddətli getməsi və tank və artilleriya sistemlərinin tətbiq edilməsi nəticəsində düşmənin çoxlu sayda itkilər verməsi istisna olunmur. Düşmənin itkiləri barədə nə Azərbaycan və Ermənistan rəsmiləri tərəfindən, nə də sosial şəbəkələrdə konkret say və adlar qeyd olunmur. Bununla bağlı bəzi mənbələrdə müxtəlif rəqəmlər açıqlansa da, onlar sadəcə sosial şəbəkə istifadəçilərinin şəxsi fikirləridir. Mən sosial media istifadəçilərinə və kütləvi informasiya vasitələrinə səslənmək istəyirəm ki, belə vəziyyətlərdə yalnız və yalnız rəsmi mənbələrdə açıqlanan məlumatlara əsaslansınlar. Biz düşmən tərəfinin bu istiqamətdə sızdıra biləcəyi məlumatların üstünlük təşkil etməsinə imkan verməməliyik. Hər bir Azərbaycan vətəndaşı belə kritik məqamlarda həm ordunun, həm də əsgərimizin yanında olmalıdır”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə qeyd edir ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verənlər çox aydın məsələdir. Yəni bu təxribatların məqsədinin nədən ibarət olduğu bilinir. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın taktika və strategiyası ilk növbədə Ermənistanın kursunu Rusiyadan Qərbə doğru döndərməkdən ibarətdir: “Buna nail olmaq üçün ona bu və ya digər şəkildə hərbi əməliyyatların bərpası lazımdır ki, nəticələrdən asılı olmayaraq Rusiyanı ittiham edib birbaşa Qərbyönümlü siyasəti həyata keçirsin. Məhz ona görə də bu təxribatlar qoşunların təmas xəttində yox, Ermənistan-Azərbaycan dövlət sərhədində baş verir ki, bu və ya digər şəkildə Rusiyanı bu məsələyə cəlb etsin”. Tofiq Zülfüqarov xatırladıb ki, bu, Ermənistanın bu istiqamətdə həyata keçirdiyi birinci təxribat deyil: "Hesab edirəm ki, axırıncı da deyil. Paşinyan başa düşür ki, Rusiya onu tərəfdaş kimi qəbul etmir və açıq-aşkar Ermənistan daxilində ona müxalif olan qüvvələri dəstəkləyir. Hesab edirəm ki, Azərbaycan tərəfi bu təxribatlara hazır olub qat-qat böyük zərbələr endirməlidir. Bəlkə də artıq bu zərbələri endirmək vaxtı gəlib çatıb”.

“Mövqe”