Bakının əsas girişlərindən biri bağlandı
26 İyul 2013 11:10 (UTC+04:00)
Bakı şəhərinin əsas giriş yollarından biri olan Tiblisi prospekti
bağlandı. Buna səbəb yolda aparılacaq təmir-tikinti işləridir.
Qeyd edək ki, bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət
Yol Polisi İdarəsi ötən gün sürücülərə xəbərdarlıq etmişdi.
Xəbərdarlıqda, iyulun 25-dən 26-na keçən gecə saat 00:00-dən
etibarən 20 Yanvar dairəsindən şəhər istiqamətində Tbilisi
prospekti üzrə Nəqliyyat Nazirliyinin inzitbati binasının yanınadək
yeni asfalt örtüyünün təcili çəkilişi ilə əlaqədar bütün
avtomobillərin hərəkətinə məhduliyyət qoyulduğu və istiqamətin
dəyişdirildiyi bildirilmişdi.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə
rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov sürücülərə
alternativ yollardan istifadə etməyi tövsiyə edir:
"Konkret olaraq 20 yanvar dairəsindən həm körpünün üzəri ilə, həm
də Tbilisi prospekti ilə A. Salamzadə küçəsi ilə kəsişməyədək
avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub. Bakı şəhər Baş
Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yaranan müvəqqəti
çətinliyə görə əhalidən, avtomobil sahibləri və sürücülərdən üzr
istəyir".