Keçid ballarının endirilməsinin səbəbləri açıqlandı

26 İyul 2013 14:17 (UTC+04:00)

 I və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında keçid ballarının aşağı salınmasının səbəblərii açıqlanıb. Movqe.az-ın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, nəticələr açıqlandıqdan sonra bəzi mətbuat orqanlarında bu ixtisas qruplarında balların aşağı salınması ilə bağlı düzgün olmayan yazılara rast gəlinir: "Bizdə hər bir qrupda maraqlı bir tendensiya, ən yüksək bal toplayan abituriyentlərin sayının artması müşahidə olunur. Bu abituriyentlər əsasən konkret hansısa ixtisası seçir və dövlət hesabına oxumaq istəyirlər".

M.Abbaszadə qeyd edib ki, 500 baldan yuxarı yığan elə abituriyentlər var ki, onlar mülki yox, hərbi ali məktəbləri seçirlər. TQDK sədrinin sözlərinə görə, Daxili İşlər Nazirliyinin Polis Akademiyasına III qrupda qəbul olanların arasında 135 nəfər 500 baldan yuxarı, 35 nəfər 600 baldan yuxarı, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunanlardan 33 nəfər 500 baldan, onlardan 12 nəfər isə 600 baldan yuxarı, Fövqəladə Hallar Nazirliyinin iki ixtisasına qəbul olunan 12 nəfər 500 baldan, 2 nəfər isə 600 baldan yuxarı nəticə göstərib: "Amma hər bir qrupa sənəd verənlərin 40 faizi əvvəlki illərin məzunlarıdır. Onların nəticələri elə də yaxşı deyil. Bu ilki məzunların nəticələri daha yaxşıdır. I qrupda 35 min nəfərdən çox imtahan veribsə, onun 50 faizi, yəni 17 min abituriyent 90 baldan aşağı nəticə göstərib. Birinci qrupda bu ilin məzunlardan 20 min 453 nəfər imtahan verib. 10 faiz 150 baldan yuxarı nəticə göstərib. Biz onlara şans veririk. Birinci qrupda bu ilki illərin 20 min 453 məzunun 37 faizi 0-100 bal arasında, əvvəlki illərin məzunlarının (15 min nəfər) 72 faizi isə 0-100 bal arasında nəticə göstərib. Biz 150 bala düşməsəydik, əvvəlki illərin məzunu olan gənclərdən 150 bal yığanlar da ali təhsil ala bilməyəcəkdilər. Bizdə gənclər ali təhsil almaq istəyirlər, bu motivasiyanı da gənclərdə saxlamaq lazımdır".

M. Abbaszadə qeyd edib ki, keçən il də birinci qrupda ballar 150 bala salınıb: "Bakı Dövlət Universitetinə 150-200 balla nəticə göstərən yalnız 1 nəfər qəbul olunub. Dövlət Neft Akademiyasına bu balla 2 nəfər, Azərbaycan Texniki Universitetinə 409 nəfər, Azərbaycan Dövlət Pedaqoji Universitetə 2 nəfər, Azərbaycan Dövlət İqtisad Universitetinə 8 nəfər, Azərbaycan Müəllimlər Universitetinin Qazax filialına 7 nəfər qəbul olunub".