Nazirlikdə kollegiya iclası keçirildi
26 İyul 2013 16:18 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyində (RİTN) 2013-cü ilin 6 ayının yekunlarına dair
kollegiya iclası keçirilib. Nazirlikdən Movqe.az-a verilən xəbərə
görə, iclası giriş sözü ilə açan rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarımilinin
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında nitqindən irəli gələn vəzifələr barədə
danışaraq, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi
islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və
artım tempinə nail olunduğunu qeyd edib. Sürətli inkişafda
qeyri-neft sektorunun aparıcı sahəsi kimi İKT-nin müstəsna yeri
olduğunu da bildirən nazir Dünya İqtisadi Forumunun "Qlobal
İnformasiya texnologiyaları 2013" hesabatında Azərbaycanın 144 ölkə
arasında "İKT-yə dəstəkdə hökumətin uğurları" indeksi üzrə 8-ci,
"Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi" indeksi
üzrə 9-cu, "İnternetin əlçatanlığı" göstəricisinə görə isə 20-ci
yerdə qərarlaşdığını xüsusi vurğulayaraq, İKT sektorunun inkişafı
ilə bağlı gələcək plan və perspektivlərdən söz açıb. Daha sonra
kollegiya iclasında cari ilin 6 ayı ərzində rabitə və informasiya
texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr
barədə məruzə dinlənilib. Bildirilib ki, ötən ilin müvafiq dövrü
ilə müqayisədə İKT sektorunda artım tempi 10.5 faiz təşkil edib,
eyni zamanda "Azərbaycan Respublikasında 2013-cü ilin
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə
bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə
Tədbirlər Planı"na müvafiq olaraq, 6 ay ərzində həyata keçirilən
işlər, tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. Sonra
məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin
rəhbərlərinin çıxışları dinlənilib. Kollegiyaya yekun vuran nazir
gələcək hədəflərə toxunaraq, ölkə başçısının sahə ilə bağlı müvafiq
fərman və sərəncamları, o cümlədən dövlət proqramlarında nazirliyin
üzərinə düşən vəzifələrin birmənalı şəkildə icrasının vacibliyini
qeyd edib. Nazir "İKT ili" çərçivəsində rəqəmli TV yayımının
genişləndirilməsi, poçt sahəsində qeyri-ənənəvi xidmətlərin
artırılması, informasiya təhlükəsizliyi, tənzimlənmə, "E-hökumət",
"Elektron imza", ümumilikdə elektron xidmətlərin həcminin
artırılması və sürətləndirilməsi, genişzolaqlı internet
xidmətlərinin ölkənin bütün ərazisində tətbiqi ilə bağlı
tədbirlərin davam etdirilməsi, Prezident yanında Elmin İnkişafı
Fondu ilə birgə reallaşması nəzərdə tutulan layihələr, o cümlədən
RİTN sahəsində çalışan məmurların vətəndaşlarla ünsiyyətinin daha
sıx şəkildə qurulması, göstərilən xidmətlərin keyfiyyətinin
yüksəldilməsi, "Bakutel" sərgi-konfransına hazırlıq işlərinin
sürətləndirilməsi, bu il ölkəmizdə keçiriləcək prezident seçkiləri
prosesində Mərkəzi Seçki Komissiyası ilə birgə İKT-nin tətbiqinin
yüksək səviyyədə təşkili üzrə müvafiq tövsiyələrini bildirərək,
bunlarla yanaşı, mövcud nöqsan və çatışmazlıqların da aradan
qaldırılması ilə bağlı tapşırıqlarını verib.