Azərbaycanda "halal turizm"ə tələbat sürətlə artır

27 İyul 2013 08:34 (UTC+04:00)

İqtisadiyyatda İslam prinsiplərinin tətbiqi çox da geniş coğrafiyanı əhatə etməsə də, uzun illərdi "halal" xidmətdən faydalanan var. Bunlardan ən uzun keçmişə malik olanı islam bankçılığıdırsa, bu gün artıq "halal kolbasa" termini və istehsalı da geniş yayılır. Bundan başqa, hazırda dünyada "halal turizm" deyilən xidmət növü də inkişaf etməkdədir.

Lakin nə qədər qəribə olsa da "halal turizm" biznesi müsəlman ölkəsində yox, məhz İngiltərədə başlanıb. İkinci belə şirkət Sinqapur və Malayziya iş adamlarının yaratdığı birgə müəssisə olub. Dünyada bu xidməti göstərən 3-cü müəssisə isə Türkiyə şirkətlərindən biridir. Elə hazırda "halal turizm"in ən çox yayıldığı və sürətli inkişaf etdiyi ölkə Türkiyədir. Bu, həm də onun eyni zamanda turizm ölkəsi olması ilə əlaqəlidir. Hazırda islam turizm obyektlərinin böyük hissəsi, təqribən 60%-i Türkiyədə, qalan hissəsi isə Malayziya, Mərakeş, İndoneziya, Misir və digər müsəlman ölkələrində olduğu bildirilir.

Məlumdur ki, Azərbaycanda müsəlmanlar say baxımından digər dinə mənsub xalqlardan çoxdurlar. Ancaq bu fonda ölkəmizdə hələlik turizmin həmin növü demək olar ki, inkişaf etməyib. Belə ki, bu gün Azərbaycanda cəmi bir turizm şirkəti İslami prinsiplərlə fəaliyyət göstərir. "ADN Travel" adını daşıyan İslami halal otellər ilə işləyən ilk və tək turizm şirkətidir. Təqribən 3 ay əvvəl fəaliyyətə başlayıb. Şirkət dünyanın ən böyük İslami turoperatoru olan "Evratur"un Azərbaycanda rəsmi distribütorudur. Şirkətdən "Mövqe" - yə verilən məlumata əsasən, burada qiymətlər tarixə görə dəyişir. Ancaq Ramazan ayında isə qiymətlərdə 2 dəfə endirim olduğunu bildirdilər. Mütəxəssislər ölkəmizdə "halal turizm"in zəif inkişaf etməsini müxtəlif amillərlə izah edirlər. Məsələn, turizm şirkətlərindən birinin rəhbəri, turizm üzrə ekspert Elxan Vəliyev bildirir ki, bu xidmətin mövcud olması üçün, ilk növbədə digər xidmət növlərinin inkişaf etdirilməsi lazımdır: "Türkiyədə, İsraildə, İngiltərədə "halal turizm" inkişaf etmiş səviyyədədir. Hər bir ölkənin öz məzhəblərinə uyğun olaraq inkişaf tendesiyası var. Türkiyə təcrübəsində belə turizm obyektləri insan cinslərinə görə bölünüb. Azərbaycanda bu təcrübənin inkişaf üçün ilk növbədə müvafiq yerlər və bu xidmət növünə uyğun istiqamətlər təyin edilməlidir. Bu istiqamətlər onlardır ki, müəyyən aylarda spritli içkilər menyudan çıxardılmalıdır. Bundan başqa, milli mədəniyyətdən çıxış edərək, xarici mətbəxin üstünlük təşkil etməsini misal göstərmək olar. Çünki, bu gün konkret Azərbaycan mətbəxindən yeməklər verilmir. Buna da diqqət yetirilməlidir".

Ekspertin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, hər bir insanın özünə məxsus istirahətetmə düşüncəsi var: "Bu biznes inkişaf etdikcə sahibkarlar da qazanacaq. Çünki, bu turizm potensialı bizdə var. Bu potensialdan istifadə edərək, həmin şəraiti sahibkarlar yaratmalıdırlar. Belə olan təqdirdə vətəndaşların axını baş verəcək. Hətta bizdə "halal turizm"in xidmətlərini tələb edən vətəndaşlar çoxluq təşkil edir. Yəni, bu gün ölkəmizdə "halal turizm" kontingenti kifayət qədərdir. Amma turizm obyektləri konkret olaraq istiqamətləşmə etməlidir. Çünki, bu gün bəzi otellər qonaq qəbulu ilə yanaşı, aviabilet satışlarını da həyata keçirirlər. Amma dünya təcrübəsinə əsasən, "halal turizm"in inkişafı üçün, turizm mərkəzləri konkret istiqamətlənməlidirlər".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin nümayəndəsi, iqtisadçı Tural Abbasov bildirir ki, Azərbaycanda İslam turizminin - "halal turizm"in inkişaf etməməsinin bir sıra səbəbləri var: "Bunu analiz etmək üçün ümumiyyətlə, Azərbaycanda turizm sektorunun necə inkişaf etməsinə nəzər yetirmək lazımdır. Ölkəmizdə regionlara nisbətən qiymətlərin baha olması turizm sektorunun da bahalaşmasına səbəb olur. Müqayisə etmək üçün deyə bilərəm ki, Nabranda bir həftəlik istirahət 1000 manata başa gəlirsə, Yunanıstanda bu qiymət 600 manatadır. Turkiyədə isə gün ərzində 5 dəfə yemək, aviabilet, əyləncə və sığorta daxil olmaqla 500 manat ilə 8 gün dincəlmək olar. Bundan başqa, turizm xidmətlərinin o qədər də inkişaf etməməsi Azərbaycana müsəlman turistlərin gəlməsinin qarşısını alır. "Halal turizm"in Azərbaycanda zəif inkişaf etməsinin səbələrindən biri də ölkəmizdə çimərlik turizmi kimi ənənəvi turizmdən başqa alternativ turizmin inkişaf etməməsidir. Azərbaycanda ekoturizm, idman turizmi, dağ turizmi kimi alternativ turizm sahələrinin zəifi inkişafı "halal turizm"in də inkişafına mənfi təsir göstərir. Daha sonra Azərbaycan İslami maddi mədəniyyət abidələrinin çoxluğu və tanınması baxımından əsrlərlə İslam mədəniyyətinin mərkəzi olmuş Türkiyə ilə rəqabət apara bilmir. Azərbaycana İslam ölkələrindən gələn turistlərin sayı o qədər də çox deyil. 2012-ci ildə Azərbaycana İrandan 3000, Türkiyədən 176 və Birləşmiş Ərəb Əmirliyindən isə 4 nəfər turist gəlib".

Ekspertin fikrincə, Azərbaycanda "halal turizm"in inkişaf etdirilməsinə ehtiyac var: "Bunun üçün turizmin sahələrinin genişləndirilməsi, ekoturizm, dağ turizmi, idman turizmi, maddi-mədəni irsin öyrənilməsi turizmi ilə bağlı qeyri - ənənəvi turizmin inkişaf etdirilməsinə ehtiyac var. Bundan başqa, viza şərtlərinin yumşaldılması vacib şərtlərdən biridir. Rəqabətliyi artırmaq üçün turizm sektorunda qiymətlərin aşağı salınması və xidmətlərin keyfiyyətinin artırılması vacib məsələlərdir".