IV qrup üzrə qəbul imtahanları keçiriləcək binalara baxış keçirilir

27 İyul 2013 12:41 (UTC+04:00)

Sabah Azərbaycanda respublikanın 11 şəhərində ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, hazırda Xüsusi Dövlət Mühafizə Xidməti həm komissiya, həm də Daxili İşlər Nazirliyinin (DİN) işçi qrupları ilə birgə qəbul imtahanları keçiriləcək binalara baxış keçirirlər. Bu gün ərzində baxış prosesi davam edəcək. Yoxlamalar tam başa çatdıqdan sonra imtahan binaları mühafizəyə götürüləcək.

 

Qeyd edək ki, IV qrup üzrə imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 21 binada keçiriləcək. 2013-cü ildə  IV qrup üzrə 11793  abituriyent ərizə təqdim edib. Onlardan 11019 nəfəri Azərbaycan bölməsinin,774 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7123 nəfərini oğlanlar, 4670 nəfərini isə qızlar təşkil edir. 6605 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunları, 4729 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənc isə 1998-ci ildəndir.