“Milli genişzolaqlı internetin inkişafı” layihəsi hazırlanır

29 İyul 2013 12:47 (UTC+04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ölkədə internet istifadəçilərinin sayının daha da artırılması üzrə tədbirləri davam etdirir. Bu məqsədlə 2013-cü ildə həyata keçiriləcək əsas tədbirlərdən biri də 2013-2015-ci illər ərzində ölkənin hər bir yaşayış məntəqəsində (hətta ən ucqar kəndlərdə) fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan "Milli genişzolaqlı internetin inkişafı" layihəsidir.  Movqe.az-a nazirlikdən verilən xəbərə görə, hazırlanan layihə telekommunikasiya sahəsi üzrə aparıcı xarici məsləhətçi "Booz&Co" şirkəti cəlb edilməklə qiymətləndirilib. Artıq layihənin icrasına başlanılması məqsədilə müvafiq qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət olunub. Layihə sənədləri hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Qeyd edək ki, hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir.