Koronavirus pandemiyasının ikinci dalğası başlanır

28 İyul 2020 08:14 (UTC+04:00)

Son hesablamalara görə, dünyada koronavirus xəstəliyindən sağalan insanların sayı 10 milyon nəfəri ötüb. Pandemiyanın statistikasını aparan “Worldometer” saytı bildirir ki, iyulun 26-da dünyada koronavirus infeksiyasına 221 min 260 nəfər yoluxub, 4 min 303 nəfər həyatını itirib. Bir gün əvvəl isə yoluxanların sayı 257 min 805, ölənlərin sayı isə 5 min 689 nəfər təşkil edib.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 16 milyon 430 min 566 yoluxma və 652 min 434 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 10 milyon 56 min 288 xəstəsi sağalıb. İyulun 26-da ən çox yoluxma halı ABŞ-da qeydə alınıb - 56 min 130 nəfər. Beləliklə, Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 4 milyon 371 min 839 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yerləri tutan Braziliyada 2 milyon 419 min 901, Hindistanda 1 milyon 437 min 976, Rusiyada 818 min 120, Cənubi Afrika Respublikasında 445 min 433, Meksikada isə 390 min 516 nəfər koronavirusa yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir - 149 min 849 nəfər. İlk beşliyə daxil olan Braziliyada 87 min 52, Böyük Britaniyada 45 min 752, Meksikada 43 min 680, İtaliyada isə 35 min 107 nəfər həyatını itirib. Bəzi ölkələrdə isə artıq ikinci dalğa başlanıb. Məsələn, İsveçrədə iyunun sonlarından başlayaraq koronavirusa yoluxma hallarının kəskin artması ekspertlərin və hakimiyyət orqanlarının narahatlığına səbəb olub. Ötən həftə ərzində yoluxanların orta günlük artımı 100 nəfərə çatıb. Halbuki iyunun birinci yarısında bu göstərici təxminən 20 nəfər təşkil edirdi.

Ölkədə pandemiyanın ikinci dalğasının başladığını düşünən ekspertlər məktəb və mağazalarda qoruyucu maska taxılmasının məcburi olmasını təklif edirlər. Hazırda İsveçrədə tibbi maska taxılması yalnız ictimai nəqliyyatda məcburidir. Artıq Vo və Yura kantonlarında vətəndaşlardan ictimai nəqliyyatda və mağazalarda maska taxmaq tələb olunur. Cenevrədə bu tədbir iyulun 28-dən qüvvəyə minəcək.Bern Universitetinin alimlərinin riyazi modelləşmə metodu ilə apardıqları hesablamalarına görə, İsveçrə hakimiyyəti sərt karantin tədbirlərini martın 16-da deyil, bir həftə öncə tətbiq etsəydi, epidemiyanın birinci dalğası zamanı ölənlərin sayı 400 nəfəri ötməyəcəkdi.

Fransanın Səhiyyə naziri Olivye Veran da koronavirusa yeni yoluxma hallarının artması ilə bağlı narahatlığını bildirib və arzu edən hər kəs üçün testin xərcinin hökumət tərəfindən ödəniləcəyini vəd edib:  “Hələlik ikinci dalğanın gəlməsindən danışmaq olmaz, lakin bir neçə gündür pozitiv çıxan analizlərin sayı durmadan artır. Halbuki son 13 həftədə azalma gedirdi. Kütləvi yoxlamaların gedişində hazırkı xəstələrin birinci dalğa zamanına nisbətən gənc olduqları üzə çıxdı. Simptomsuz halların miqdarı olduqca çoxdur”.

Son məlumatlara görə, Fransada pandemiyanın başlanğıcından bəri 180 mindən çox yoluxma halı aşkarlanıb. Hazırda hər gün mindən yuxarı yoluxma qeydə alınır. Ölkədə indiyədək 30 mindən çox insan koronavirus səbəbindən həyatını itirib. Böyük Britaniyanın Baş Naziri Boris Conson isə Birləşmiş Krallıqda koronavirus infeksiyasının yayılmağa başladığı vaxt hökumətin səhvə yol verdiyi fikri ilə razılaşıb: “Biz ilk bir neçə həftə və ay ərzində koronavirusla bağlı problemin ciddiliyini lazımi qədər anlamadıq”. Onun sözlərinə görə, Böyük Britaniya hakimiyyəti pandemiyanın ilkin mərhələsində virusun insandan insana simptomsuz yayılma miqyasını düzgün qiymətləndirməyib. Baş Nazir, həmçinin baş verənlərdən nəticə çıxarılmalı olduğunu da vurğulayıb. Birləşmiş Krallıqda indiyədək 300 min insan  koronavirusa yoluxub, onlardan 46 min nəfəri həyatını itirib. Koronavirus pandemiyası Avropaya çatanda Böyük Britaniya uzun müddət karantin və infeksiyanın yayılmasının qarşısının alınmasına yönələn digər məhdudiyyət tədbirləri tətbiq etməyən azsaylı dövlətlərdən biri olub. Bir çox digər ölkələrdə də eyni vəziyyət müşahidə olunur. Hazırda dünya miqyasında əksər ölkələr yenidən sərt karantin rejiminə qayıtmaqda, xüsusən də virusa qarşı təhlükəsizlik tədbirlərini genişləndirməkdədir.

Amma burada vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Xüsusən də sosial məsafə gözlənilməsi və maska taxılması baxımından. Onu da bildirək ki, bu məsələ artıq əksər ölkələrdə məcburu xarakter almağa başlayır.

Elnurə ABUŞOVA