Azərbaycandan səfərlərin artması yeni valyuta axınına rəvac verir

28 İyul 2020 09:12 (UTC+04:00)

Türkiyə koronavirus pandemiyasına baxmayaraq turist qəbuluna başlayıb. Qardaş ölkə qapılarını digər ölkələrin vətəndaşları üçün açaraq onları Türkiyədə istirahət etməyə dəvət edir. Artıq çox sayda ölkədən Türkiyəyə turist səfərləri edənlər var.

Azərbaycan vətəndaşları da Türkiyəyə səfər edə bilir. İyulun 1-dən etibarən Bakı-İstanbul təyyarə reysi ilə Türkiyəyə səfər etmək mümkündür. Uçuşlardan istifadə etmək üçün Türkiyə və Azərbaycanın səlahiyyətli orqanları tərəfindən müəyyən edilən qurumlarda uçuşdan əvvəl 48 saat ərzində COVİD-19 testindən keçməli və mənfi nəticə əldə edilməlidir.

Azərbaycan vətəndaşlarının Türkiyəyə turizm məqsədilə səfərlərinin sayının artacağı gözlənilir. Bəs, bu hal valyuta bazarına, turuzm sektoruna nə vəd edir?

Turizm üzrə ekspert Elxan Vəliyev deyir ki, Türkiyənin qapılarını xarici turistlər üçün açması başadüşüləndir. O qeyd etdi ki, Türkiyə iqtisadiyyatında, ölkənin xarici valyuta gəlirlərində turizmin payı olduqca yüksəkdir. Onun məlumatına əsasən, qardaş ölkə yay aylarında turizmdən böyük gəlir əldə edir: "2019-cu ildə Türkiyədə turizm sektorunda yeni rekord əldə edildi. Ötən il turizmdən daxil olan  gəlir 34,5 milyard dollara yüksəlib. 2019-cu ildə Türkiyəyə 51,7 milyon nəfər səfər edib ki, bu da rekord göstəricidir".

Ekspert Azərbaycandan Türkiyə səfər edənlərin sayının hər zaman çox olduğunu söylədi. O qeyd etdi ki, ötən il 634 mindən çox Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib. Onun bildirdiyinə əsasən, qardaş ölkəyə ən çox gələn xaricilər sıralamasında Azərbaycan yoxdur. Rusiya, Almaniya və Bolqarıstan vətəndaşları ilk üçlükdə qərarlaşıb. E.Vəliyevin fikrincə, türk lirəsinin ucuzlaşması bu ölkəyə səfərlərin sayının 14 faizdən çox artmasına səbəb olmuşdu.

Ekspert  2020-ci ildə qadağaların aradan qaldırılmasından sonra Türkiyəyə səfər edənlərin sayında tədricən artım olacaq. Onun qənaətincə, lirənin digər valyutalara nisbətən ucuz olması bu ölkəyə səfərləri əlverişli edir.

E.Vəliyev 2020-ci ildə Azərbaycandan Türkiyəyə səfərlərin sayında sıçrayışlı artımın olacağını proqnozlaşdırmır: "Hazırda Türkiyəyə səfər etmək mümkündür. Amma bu səfərləri adi qaydada həyata keçirtməyə icazə yoxdur. Bunun üçün Covid-19 testindən keçmək lazımdır. Test tələbi xaricə səfər etmək istəyənlərin qərarlarına mənfi təsir edir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycanda əhalinin gəlirlərində ciddi azalma müşahidə edilir. Gəlirlərin azalması da xaricə turist səfərinə pul ayrılması ehtimalını zəiflədir.

Dövlət Statistika Komitəsinin məlumatına görə 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2,6 dəfə azalaraq 973 min nəfər olub. Ötən ilin birinci yarısında 2,53 milyon səfər həyata keçirilmişdi.

Azərbaycan vətəndaşlarının səfərlərinin 9-10 faizi Türkiyənin payına düşür. Birinci yarımildə Türkiyəyə təxminən 90-95 min səfər olub. Bu il Türkiyəyə gedənlərin sayı 2,8 dəfə azalıb. Azalma dinamikasındakı pisləşmə qarşıdakı aylarda bir qədər düzələcək. Lakin ötən illə müqayisədə Türkiyəyə səfər edənlərin sayında kəskin azalma qalacaq".

Bu baxımdan E.Vəliyev düşünür ki, Türkiyəyə turizm səfərlərinə görə böyük məbləğdə vəsaitin ölkədən çıxışının baş verəcəyinə inanmır. Onun qənaətincə, Türkiyəyə işgüzar məqsədlə səfərlərin sayında artma ehtimalı var və bu amil valyuta axınını gücləndirə bilər: "Hər il Azərbaycan vətəndaşları Türkiyədə çoxlu sayda daşınmaz əmlak alır. Pandemiya ilə əlaqədar səfərlərin qadağan edilməsi daşınmaz əmlak alışının azalmasına səbəb olub. Azalma yalnız Azərbaycan vətəndaşlarının tələbində baş verməyib. Bütün xarici ölkə vətəndaşları üzrə tələbdə zəifləmə var. Buna görə də Türkiyədə daşınmaz əmlak qiymətləri enib. Səfərlərə yenidən icazə verilməsi və qiymətlərin əlverişli olması Türkiyədə Azərbaycan vətəndaşlarının daşınmaz əmlak alışına xərcləyəcəyi vəsaitin artacağını proqnozlaşdırmaq olar. Bu məqsədlə valyuta çıxışı arta bilər".

Vasif CƏFƏROV