Çinin aparıcı həkimləri Azərbaycana gəldi

4 Avqust 2020 20:29 (UTC+04:00)
"Azərbaycan Hava Yolları" (AZAL) avqustun 4-də Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yükü Bakıya çatdırıb. Şirkətdən Mövqe.az-a verilən məlumata görə, çinli mütəxəssislərdən ibarət 10 nəfərlik qrup koronavirus xəstəliyi ilə mübarizədə təcrübə mübadiləsi məqsədilə AZAL-ın xüsusi reysi ilə Azərbaycana gəlib. Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması ilə məqsədi ilə Azərbaycanlı həmkarları ilə birgə çalışacaq. AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr Azərbaycanın paytaxtına çatdırılıb. "Azərbaycan Hava Yolları"nın Çendu şəhərindən (Çinin cənub-qərbindəki Sıçuan əyalətinin paytaxtı) Bakıya birbaşa uçuşu yeddi saatdan çox davam edib. Reys Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən təşkil olunub.