Qarabağda müharibənin alovlanması an məsələsinə çevrilir

6 Avqust 2020 09:15 (UTC+04:00)

Ermənistanın Azərbaycanla münaqişəsi tarixinə “Tovuz təxribatı” adı ilə daxil olmuş hadisələrin sonu görünmür. Düşmən nəinki cəbhə bölgəsində, eyni zamanda karbohidrogen kəmərləri şəbəkəsinə ən yaxın sərhəd zonasında da hər gün atəşkəsi dəfələrlə pozur. 2016-cı il aprel döyüşləri başlamazdan əvvəl də aətşkəsin pozulması dinamikası xeyli yüksəlmişdi. İndi də həmin dinamika təkrarlanır. Ermənilər özlərinə yığışmaq fikrində deyillər. Çünki bu ölkə aşkarda Rusiyanın əlaltısı olsa da, gizlində həm də ABŞ başda olmaqla Qərbə əlaltılıq edir. Tovuzda baş vermiş təxribat da bu cür ikili oyunun nəticəsidir.
Prinsipcə, müharibə təxribatı ideyası ermənilərə aid deyil. Çünki onların müharibə etməyə heç bir resursları yoxdur. Belə olan halda haqlı sual doğur: Bəs, onda Ermənistan niyə öz əleyhinə işləyən təxribata əl atır?
Məsələ burasındadır ki, Qərblə Rusiya arasında enerji siyasəti üzərində fikir ayrılıqları getdikcə güclənir. Rusiya əlindəki enerji “dəyənəyinə” təkbaşına yiyəlik etmək fikrindədir. Qərb isə bunu anladığından bu istiqamətdə şaxələndirmə siyasətini genişləndirir, başqa sözlə, Rusiyadan enerji asılılığına son qoymaq istəyir. İndilikdə isə Rusiyanın gücü hələ ki, böyük təbii ehtiyatlara  köklənib və onun başqa çıxış yolu yoxdur.
Demək, Qərb, Moskvanın “Şimal axını” və “Türk axını” qaz dəhlizlərini sanksiyalar vasitəsilə dağıtmağa səy göstərir. Əvəzində isə əlavə iddiasız və daha ədalətli olan Azərbaycan və Orta Asiyanı birləşdirəcək kəmərlərə üstünlük verir. Bunun üçün müstəqil Türk dövlətləri onlar üçün ən sərfəli tərəfdaş rolunda çıxış edirlər.
İndi fikir verin: Qərb öz enerji təhlükəsizliyini təmin etmək üçün Türk dövlətlərinin müstəqil siyasət yürütməyini istəyir. Rusiya isə tez-tez nostalji hisslərə qapılaraq “sovet dövrünün gözəllikləri”ndən dəm vurur, yəni tam olmasa da, haqqında söhbət gedən Türk dövlətlərini, habelə Belarus və Moldovanı özünün başda oturacağı stol ətrafında birləşdirməyə çalışır. Bunun üçün onları Qərbdən qorumağı da özünə borc bilir. Digər tərəfdən, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara hansısa bir qarşılıq vermək lazımdır. O mənada ki, “sən mənə bunu edirsən, mən də sənə onu edərəm”. Bu siyasətin üzə çıxarılmasına isə tərəflərdən heç biri açıq cürət etmir və başlayırlar 3-cü dövlət tərəfindən planlarını həyata keçirməyə. Təbii ki, müstəqil dövləti bu siyasətə qoşub ortada oynatmaq mümkün deyil. Amma Ermənistan kimi qurama dövləti oynatmaq çox asandır. İş burasındadır ki, bu prosesdə ermənilərin nə düşündüyü heç kimi maraqlandırmır. Bu arada da ermənilər guya situasiyadan öz xeyirlərinə istifadə etməyə çalışırlar. Əvəzində isə canlı qüvvə və hərbi texnika sarıdan ciddi itkilərə məruz qalırlar.
Baş verən təxribatlar fonunda Azərbaycan da öz siyasətini yürüdür, dünya dövlətlərinin, həmçinin maraqlı tərəflərin diqqətini bu cür pozuntuların nəticəsi barədə fikirləşməyə yönəldir.
Tovuz təxribatının ən önəmli faktı Türkiyənin bu hadisəyə olduqca fəal və ciddi diqqət ayırmasıdır. Bu təsadüfi deyil. Çünki təxribatın arxasında olduqca məkrli niyyətlərin olması və birbaşa Türkiyəni təhdid etməsi məsələsi var. Digər tərəfdən artıq qardaş ölkə Azərbaycana çoxdandır ki, hərbi müttəfiqlik dəstəyi göstərir. Türkiyənin fəaliyyət proqramı gözlənilən olsa da, regiondakı digər maraqlara güclü təsir göstərib. Amma bütün hallarda bu təsir Azərbaycanın haqq işinə müsbət detallar gətirib. İndi biz özümüzü daha güclü və inamlı aparırıq. Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanı təkbətək vuruşa çağırmasının da ciddi nüansları var. Bu çağırışın bir sədası da ermənilərin havadarlarını vurur. Həmin havadarlara açıq mesaj göndərilməsi Türkiyənin Azərbaycana birmənalı dəstəyinin nümunəsidir. Başqa sözlə, Azərbaycan bütün dünyaya bildirib ki, “biz tək deyilik”.
Ermənistan-Azərbaycan münaqişəsinin bu səviyyəyə yüksəlməsi təxribatçının özünə ziyandır, ona görə ki, o, açıq meydana çıxır. Bu meydanda isə o getdikcə təklənir və Azərbaycanla üz-üzə durmaq məcburiyyətində qalır.
Maraqlı faktlardan biri də odur ki, rusiyalı politoloqlar Ermənistan rəhbərliyini elliklə qınamaq yolunu tutublar. Çünki, onlar yaxşı anlayırlar ki, Ermənistanı əllərində saxlamaq nə qədər asandırsa, Qarabağa görə Azərbaycanın “məhəbbətini” qazanmaq bir o qədər çətindir. Düzdür, biz Rusiya ilə dostluq və həmrəylik münasibətlərinə sadiqik. Lakin bir şərtlə: bu münasibətlər torpaqlarımızın azadlığını məhdudlaşdıra bilməz. Moskvada da Türkiyənin Azərbaycana dəstəyini qiymətləndirməyə bilməzlər. Rus siyasətçilər bunu aydın görür və siyasətlərində bu amili nəzərə alırlar. Bütün bu səbəblər isə Kremli Cənubi Qafqazın bu iki ölkəsinə paritet mövqe sərgiləməyə məcbur edir.     
Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin “1in.am” erməni saytına müsahibəsində deyib ki,  Gümrüdəki Rusiya bazası Azərbaycanın yox, Qafqazdakı xarici oyunçuların qarşısını almağa yönəlib: “Başqa sözlə, Azərbaycanla ərazi mübahisəsi Ermənistanın özünün şəxsi məsələsidir. Əgər konflikt Ermənistan-Azərbaycan sərhədində baş versə, o zaman Rusiyanın hansı mövqe tutacağı aydın deyil. Əgər Qarabağda savaş başlasa, Rusiya dəqiq olaraq buna müdaxilə etməyəcək”. Problemin bu şəkildə formalaşması Azərbaycan üçün siyasi girəvədir. Bizim tərəf həmişə sülhdən danışmaqla bərabər zor variantını da istisna etməyib. Demək, Ermənistanı xalça üzərinə çağırmaq vaxtı yetişib. Ya işğala son, ya da müharibə! Azərbaycan Ordusu müharibənin konturlarını aydın şəkildə görür və onu həyata keçirməyə tam hazırdır. Hücum əmri hər an verilə bilər.
N.NOVRUZ