Çimərliklər virusun yayılmasında yeni mənbə ola bilər

7 Avqust 2020 08:09 (UTC+04:00)


Koronavirus pandemiyasına yoluxmanın əsas mənbələrindən biri də çimərliklərdir. Bu fikirləri  mətbuata açıqlamasında türkiyəli professor, tibb elmləri doktoru, tanınmış ictimai xadim İbrahim Öztək ifadə edib.
Çimərliklərdə sosial məsafənin qorunması və maska taxmağın mümkünsüz olduğunu diqqətə çatdıran professor deyib: “Zənnimcə Ümumdünya Səhiyyə Təşkilatı ən qısa zamanda çimərliklər üçün xüsusi bir tövsiyə hazırlamalıdır. Maska ilə suya girmək mümkünsüzdür. İnsanlar heç bir halda belə etmirlər. Digər tərəfdən çimərlik sahilləri daim küləklidir. Həzin meh belə nəfəs yollarında ayrılan virusu sürətlə ətrafa yayır. Xəstə insanların bədənindən ayrılan su damcıları yoluxma mənbəyidir. Bu məkanda yoluxma riskini artıran bir neçə ciddi məqam var. Bütün bunlar deməyə əsas verir ki, çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir”.
Bilindiyi kimi, Azərbaycanda da karantin rejimi yumşaldılıb.  Ona əsasən əvvəl tətbiq edilən bir sıra qadağalar götürülüb ki, onlardan biri də çimərliklərlə bağlıdır.  Belə ki, çimərlik mövsümünün son ayı olan avqustda bu məkanların açıqlmasına icazə verilib.  Bu isə bir sıra mütəxəssislərə görə, virusa yoluxma hallarının artmasına gətirib çıxara bilər.  Ona görə ki, həmin məkanlarda, xüsusən də suda maska taxmaq,  məsafə saxlamaq olduqca müşkül məsələdir. Bu fonda ölkəmizdə çimərliklərin açılması virus təhdidini böyüdə bilərmi?
Tibb üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev çimərliklərin açılmasının virusun yayılmasına ciddi təsir göstərəcəyini istisna etmədi. Amma bununla belə, mövcud şəraiti nəzərə alaraq, açıqlması fonunda bu məkanlarda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsini də vacib bildi: “Türkiyədən olan həmkarımın bu fikrlərilə tam razıyam.  Həqiqətən də çimərliklər virusa yoluxma hallarının yenidən şiddətlənməsinə rəvac verə bilər.  Amma digər məsələ, psixologiya məsələsi də var.  İnsanlar çimərliklərdə özlərini qoruma qaydalarına əməl etsə, Xəzər dənizinin təmizliyi məsələsində problem olmasa, çimərliklərin açıqlması fonunda belə yoluxma halları az olar.  Əsas məəslə insanların təmizlik qaydalarına riayət etməsidir.  Digər məqam odur ki, insanları Bakıdan rayonlara buraxmırlar. Halbuki, bu istiqamətdə addım atılsa bu şəhərin boşalmasına gətirər.  Kənd yerlərində insanlar qapalı məkanlarda daha çox olur. 
Yəni bu amillə bağlı olaraq, habelə çimərliklərlə bağlı məsələdə praktik və elmi yanaşmaya daha çox ehtiyac var. Yüksək sağlamlıq mədəniyyətimiz olmalıdır. Təklif edirəm ki, çimərliklərdə təmizliyin vəziyyəti, suyun çirklik dərəcəsi barədə elanlar verilsin.  Bu tədbirlərə əməl edilsə, çimərliklərdən istifadə etnmək olar. Yay aylarında insanları evdə saxlamaq mümkün deyil”.
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Türkiyədən olan professorun fikirlərilə qismən razı olduğunu dedi:  “Operativ Qərargahın çimərlikləri pandemiya ilə bağlı olaraq uzun müddət bağlaması doğru addım idi. İndiki halda isə çimərliklərin açılması doğru yanaşmadır. Əslində prosesi bir qədər də ləngitmək olardı. Bu da ondan irəli gəlir ki, Azərbaycanda əhali arasında çimərlik mədəniyyətsizliyi mövcuddur. Tailand kimi antisanitar vəziyyətin yaxşı olmadığı ölkədə insanlar siqaret kötüyünü çimərliklərdə içərisinə qum tökülən qablara atırlar. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti isə  çimərlikləri zibillərlə doldururlar. Qeyd edim ki, çinmərliklərin fəaliyyətinə icazə verilməklə burada sanitar-epudemoloji, ekoloji prosesi tənzimləmək üçün könüllülərdən istifadə ediləcək.  Həmin könüllülər Azərbaycana ola bilsin yeni çimərlik mədəniyyəti gətirsinlər.
Bu mənada da indiki şəraitdə çimərliklərin fəaliyyətinə icazə verilməsi çimərlik mədəniyyətinin yaranması üçün bir fürsətdir. Çimərliklərlə bağlı xüsusi qaydaların yaradılması vacibdir. Ölkə Prezidenti birmənalı şəkildə deyib ki, açıq havada maska taxmaq lazım deyil. Velosiped sürənlər üçün də xüsusi şərait yaradılmalıdır ki, onlar da sərbəst hərəkət edə bilsinlər. Bir sözlə, pandemiya Azərbaycan istehlakçılarında yeni bir davranış mədəniyyəti gətirməlidir. Ekoloji təmiz nəqliyyatdan, velosipeddən istifadə edək. Bu mənada çimərliklərin açılması çimərlik mədəniyyətini dəyişmək üçün bir fürsətdir. Ona görə də Türkiyədən olan professorun fikirlərilə qismən razıyam”.
R. SOLTANOV