Bolqarıstanın Xalq Məclisinin sədri BSU-da olub
14 May 2012 20:09 (UTC+04:00)
Bakı Slavyan Universitetinin genişlənən xarici əlaqələri, son illər
universitet həyatında baş verən uğurlu dəyişikliklər bu təhsil
ocağının böyük bir coğrafi məkanda nüfuzlu elm, təhsil və
mədəniyyət mərkəzi kimi tanınmasına gətirib çıxarıb.
Bu gün BSU slavyan xalqlarının dillərini tədris və təbliğ edir. Bu
dillər sırasında bolqar dili də vardır. Belə ki, universitetdə
artıq 1996-cı ildən "Bolqar dili" ixtisası, 2000-ci ildən isə
"Bolqarşünaslıq" ixtisası üzrə mütəxəssis hazırlığı həyata
keçirilir. Bundan başqa, BSU-da Bolqarıstanın Azərbaycandakı
səfirliyinin köməyi ilə yaradılmış və 2004-cü ilin oktyabrında
Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun iştirakı
ilə açılmış BSU-da Bolqar Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət
göstərir. Müasir texniki avadanlıqla təchiz edilmiş mərkəzin
nəzdində bədii ədəbiyyat nümunələri, Bolqarıstanın tarixi,
iqtisadiyyatı və bolqar dili üzrə nəşrlərdən ibarət kitabxana
müəllim və tələbələrin xidmətindədir. Mərkəzin əsas vəzifəsi
Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələrin inkişafına
yardımcı olmaq, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə,
maarifinə və elminə marağını artırmaq və həmçinin universitetdə
bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin
təkmilləşdirlilməsinə kömək etməkdir. Mərkəzdə Bolqarıstanın tarixi
və mədəniyyəti ilə bağlı tədbirlər, bu ölkənin dövlət, mədəniyyət
və elm xadimləri ilə görüşlər, mühazirələr, seminarlar təşkil
edilir. Bolqarıstan Respublikasında yerləşən nüfuzlu ali təhsil
ocaqları ilə BSU-nun sıx əlaqələri vardır. "Müqəddəs Kliment
Orxidski" adına Sofiya, "Konstantin Preslavski" adına Şumen, Milli
Dünya və Təsərrüfat Universitetlətləri ilə BSU arasında əməkdaşlıq
haqqında müqavilələr imzalanıb.
Movqe.Az xəbər verir ki, ölkəmizdə rəsmi
səfərdə olan Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri
xanım Tsetska Tsaçeva və onun başçılıq etdiyi nümayəndə heyəti 14
may tarixində BSU-nun qonağı olmuşlar. Bolqarıstan Respublikasının
müvəqqəti işlər vəkili cənab Anton Markov, Azərbaycanın Bolqarıstan
Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Emin
Kərimov da bu görüşə qatılıb. Xanım Tsetska Tsaçeva və onu müşayət
edən qonaqlar BSU-da fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti
Mərkəzi ilə tanış oldular. Xanım Tsetska Tsaçeva mərkəzə elmi
ədəbiyyat nümunələri hədiyyə edib. Mərkəzdə Bolqarıstandan BSU-ya
gələn qonaqlar haqqında elektron təqdimat nümayiş etdildikdən sonra
görüş universitetin Konfrans zalında davam etdi. Görüşü giriş sözü
ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal
Abdullayev xanım Tsetska Tsaçevanı və digər qonaqları salamlayıb:
"Bizi Bolqarıstanla çox şey birləşdirir. Böyük fəxrlə bildirirəm
ki, Bolqarıstanın prezidentləri olmuş Jelyu Jelev və Georgi
Pırvanov BSU-nun Fəxri doktorlarıdır. Bizim onlarla çox sıx
əlaqələrimiz indi də davam etməkdədir. Arzu edərdim ki, bu gün
sizinlə yaranan bu dostluq münasibətləri də uzunömürlü olsun və siz
hər zaman bizi öz gəlişinizlə sevindirəsiniz". BSU-da bolqar dili
və mədəniyyətinə tələbələrin marağından danışan rektor gələcəkdə
universitetdə bolqarşünaslıq üzrə təhsil alan tələbələrin
Bolqarıstan Respublikasının parlamentində təcrübə kecmələri barədə
təklif verdi və bu təklif xanım Tsetska Tsaçeva tərəfindən
məmnunluqla qəbul edilib.
Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri xanım Tsetska
Tsaçeva BSU-da tələbələrlə keçən görüşü Azərbaycanda olduğu müddət
ərzində ən maraqlı və emosional görüş kimi qiymətləndirib: "Əziz
həmkarlarım, Azərbaycana gəldiyim andan hiss etdim ki, gələcək
münasibətlərimizi dərinləşdirməkdə, inkişaf etdirməkdə məqsədimiz,
amalımız eynidir. Əmin oldum ki, hər iki ölkənin gəncləri
bir-birlərinin dilini və mədəniyyəıtini öyrənsələr, onda həmin
ölkələrin xalqları da bir-birini daha dərindən başa düşəcəklər.
Əziz Azərbaycan gəncləri, siz fəxr etməlisiniz ki, gündən-günə
güclənən və inkişaf edən bir ölkənin vətəndaşlarısınız.
Müəllimləriniz sizə verdiyi biliklər isə sizin ən böyük
kapitalınızdır. Bolqar dilini yüksək peşəkarlıqla öyrənən, bu dili
özlərinə ixtisas kimi seçən tələbələrə də öz dərin minnətdarlığımı
bildirirəm".
BSU-nun tələbələri xanım Tsetska Tsaçevaya və qonaqlara müxtəlif
mövzuılarda suallarla müraciət ediblər. Sonda "Bolqar dili" və
"Bolqarşünaslıq" ixtisasları üzrə təhsil alan tələbələr məşhur
bolqar şairəsi Elisaveta Baqryananın "Potomka" şeirini və "Българи"
mahnısını ifa ediblər. "BSU-nun Qonaqları" kitabına xatirə
sözlərini yazan xanım Tsetska Tsaçeva tələbə və müəllimlərlə xatirə
şəkli çəkdirib.