Müəmmalı müxalifət

13 Avqust 2020 09:00 (UTC+04:00)

Biz 5-ci kolon haqda çox deyir, yazır və tənqid edirik. Amma bu yolu gedənlərin xarakteri, formaları haqda az düşünürük. Üstəlik də müstəqillik qazandığımız dövrdən indiyədək bu kolon öz işindədir. Son vaxtlar isə xeyli fəallaşıb və az qala tüğyan edə. Hərçəndi, kolon da, onun üzvləri də apardıqları işə görə dövlətçiliyimizə təhlükə törədikləri üçün müvafiq orqanların nəzarətindədirlər. Amma situasiya bəzən elə həddə özünü büruzə verir ki, istər-istəməz bunların kökünü kəsməyin mümkün olmaması barədə düşünməli olursan.
Adətən, bir cəmiyyət başqa bir cəmiyyəti məhv etməyə çalışanda öz inkişafına uyğun mübarizə vasitələrindən istifadə edir. Məsələn, Avropa təşkilatları ikili siyasəti, yalançı insan hüquqları, haqsız haqq-ədalətdən danışa-danışa nişan aldığı ölkənin daxili auditoriyasını hökumətə qarşı qaldırmağa çalışır. Amerikalılar nələrisə bəhanə edib ya sanksiya tətbiq edir, ya da nişangahda olan dövlətə qoşunları ilə basqın edir.
Ancaq indi Azərbaycanı sevməyən və bizim əleyhimizə iş aparan qüvvələrin sırasında son vaxtlar açıq-aydın söyüş və həyasızlıq nümunəsi göstərən bir dəstə yaranıb. Özlərini veriblər “youtube” sosial şəbəkəsinin kanallarına, ağlasığmaz böhtanlarını tərbiyəsiz küçə söyüşləri ilə bəzəyib havaya buraxırlar. Aydın görünür ki, həm bu adamların özləri qaragüruhçudurlar, həm də əhalinin qaragüruhçu hissəsini ələ alıb idarə etmək istəyirlər. Əslində bu cür idarəetmə cəmiyyətdə qarışıqlıq yaratmaq məqsədi güdür. Məsələn, “Salyanın səsi” adlı başı-ayağı bilinməyən cüvəllağı bir kanalda o dərəcədə səviyyəsiz və mənasız söhbətlər aparılır ki, bunların Qərbə bağlılığı heç cür ağıla gəlmir. Olsa-olsa, bu, yerli və 5-ci kanalın gizli nümayəndələrinin aşkarlıqda ifadəsi ola bilər. Söhbətin məğzi də bu istiqamətə bağlıdır.
Azərbaycanda 5-ci kolonun ölkədə kökünün kəsilməsinin mümkün olmaması, çox güman ki, bu amillə əlaqədardır. Özü də bu adamlar təkcə xarici qüvvələrə işləyənlər deyil. Onlar vəzifədə olan və naqis fəaliyyətlərinə görə işdən qovulan məmurlar sırasından çıxanlardır. Belələri ilə əlaqə quranlar da var. Hazırda vəzifədə olan, oturduğu kresloda yalnız öz mənfəəti üçün firlanan məmurlar da çoxdur və onlar da 5-ci kolonun gizli nümayəndələri ilə əlaqə yaratmamış deyillər. Çünki sabah həmin şəxslərin kökünə düşmək ehtimalları yüksəkdir.
Ölkədə kadr islahatı gedir. Bu, tamamilə inkişafa, müasirləşmə və mənfi təmayüllərin aradan qaldırılmasına hesablanmış, vaxtı çatmış məsələdir. Əgər dünənə qədər vəzifədə oturub büdcəni talayanlar, vətəndaşların dərisini soyanlar bu gün haqlı olaraq itirdiklərinə görə haqsızlıqla kimdənsə əvəz çıxmaq, hansı rəhbəri isə xalqın gözündən salmaq istəyirsə, o səhv edir və hər nə edirsə özünə qarşı edir.  Azərbaycanı qarışdırmağa yönəlmiş fəaliyyət dövlət cinayətidir.

Görünür, dövlət başçısı belələrini nəzərdə tutub barmağını silkələyəndə onların canına vəlvələ düşür və dilləri də başlayır topuq vurmağa. Əvəzində də 5-ci kolonu körükləyirlər. Amma unutmasınlar, hər şeyin öz zamanı var, həbsə atılan icra başçılarının, yüksək çinli məmurların halını yaddan çıxarmasınlar, bu gün onları həbs etmək “məsləhət” deyilsə, sabah vəziyyət 180 dərəcə çönə bilər.
N.NOVRUZ