Livanlıların bədbəxtliyi üzərində ermənilərin “tarixi vətən” oyunu

13 Avqust 2020 09:30 (UTC+04:00)


Bu günlər dünya ölkələri Livanın paytaxtı Beyrutda baş vermiş dəhşətli partlayışdan zərərçəkənlərə yardım üçün çağırışlar edir və özləri də gücləri çatan yardımı həyata keçirirlər.

Bu bir humanist fəaliyyətdir. Amma, bütün əməlləri ilə “naqis hökumət” titulunun şəriksiz sahibi erməni siyasətçiləri Livan xalqının düçar olduğu fəlakətdən öz mənfur niyyətlərini həyata keçirmək üçün istifadə edirlər. Belə ki, guya yardım çağırışlarına qoşulan Ermənistan hökuməti dərhal Beyruta təyyarə ilə “yardım” göndərib və həmin təyyarə geri qayıdanda livanlı ermənilərin bir dəstəsini Qarabağa yerləşdirmək üçün İrəvana gətirib.
Azərbaycanın əlində livanlı ermənilərin “ermənilik təbliğatı” çərçivəsində vaxtilə Azərbaycan torpaqlarının işğalında iştirak etmələri barədə tutarlı faktlar var. Bu ölkədən Qarabağa gələn çağırılmamış muzdlu döyüşçülər – qaniçənlərlə yanaşı sonradan həqiqəti öyrənib vicdanının səsi ilə işğalı tənqid edən insanlar da olub. Ancaq indi ermənilər yeni fırıldaqla ortaya çıxıblar. Onlar “erməniləri tarixi vətənlərinə qayıtmaları” şüarını əllərində bayraq edib xarici dövlətlərdə yaşayan erməniləri Ermənistana qayıtmağa təhrik edir, oradan isə Qarabağa yönəldirlər.
Hərəkatın fırıldaqçılığı nədən ibarətdir. Əvvələn, indiki Ermənistan Respublikasının ərazisi heç vaxt ermənilərin vətəni olmayıb. Bunu ermənilərin siyasi hakimiyyəti də, tarixçiləri də gözəl bilirlər. Lakin “tarixi vətən” ifadəsi ilə tarixə həmin ərazinin ermənilərin dədə-baba torpağı olması haqda tezis sırıyırlar. İkincisi, indi livanlı erməniləri Qarabağa köçürməklə dünyaya humanst xalq görsənməyə çalışan ermənilər əslində xaricdən gələnləri hər an döyüşlərin alovlanmasını ehtiva edən təhlükəli müharibə bölgəsinə göndərirlər. Bununla həm işğal etdikləri ərazilərdə ermənilərin sayını artırmaq, həm də Qarabağda vuruşmaq istəməyən ermənistanlı gənclərə əvəz tapmaq istəyirlər.
Bədnam ermənilik xülyasından beyinləri dumanlanmış Paşinyan hökumətinin başbilənləri anlaya bilmirlər ki, Beyrutun həyat şəraitinə alışmış ermənilər heç nə olmayan qondarma “DQR”i bəyənəcəklər, yoxsa yox!? Hər halda Beyrut Beyrutdur və nə qədər də olsa, işğal edilərək viran qoyulmuş Qarabağdakı şəraitdən və infrastrukturdan daha yaxşı imkanlara nalikdir. Oradan gəlib Qarabağda miskin həyat sürmək həmin erməniləri razı sala biləcəkmi? Hələ müharibənin davam etdiyini biləndən sonra onların hansı fikrə düşəcəkləri də sual doğurur.
Ermənistanın baş naziri yanında diaspor məsələləri üzrə komissar Zare Sinanyan bildirib ki, “Ermənistan assiriyalılara və ərəblərə vətən ola bilməz, bizim vəzifəmiz həmvətənlərimizi geri qaytarmaqdan ibarətdir”. Rəsmi şəxsin siyasi “qatıqlamaları” erməni millətçiliyinin bariz nümayişi olduğundan və aqressivliyi meydana çıxardığından “Daşnaksütyun” erməni inqilabi federasiyasının İrəvan komitəsinin nümayəndəsi erməni saytı “tert.am”a müsahibəsində hökumət üzvünün dediklərinə düzəliş etməyə çalışıb: “Bu, millətçilik deyil, sadəcə hər xalqın öz beşiyi var, buna görə hər kəs öz vətəninin rifahı naminə çalışmalıdır”. Lakin məsələnin bu cür fırladılması ermənilərin təcavüzkar millətçiliyini malalaya bilməz.
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının başqan yardımçısı Serdar Ünsal İğdırda fəaliyyət göstərən “Yeşil İğdır” qəzetinə bu məsələ barədə danışaraq deyib: “Ermənistan Suriyadakı vətəndaş müharibəsindən istifadə edərək suriyalı ermənilərin bir qismini Azərbaycanın işğal altındakı ərazilərinə yerləşdirmişdi. İndi isə Beyrutda baş vermiş partlayışda ermənilərin zərər gördüyünü iddia edərək Livan Erməni İnqilabi Federasiyası “Daşnaksütun”un gənclər  təşkilatı tərəfindən livanlı ermənilərin Qarabağa yerləşdirilməsinə hazırlıq gedir”.
Bu işin axırı necə olacaq, dəqiq nə isə demək mümkün deyil. Amma bir məsələ məlumdur ki, Azərbaycanın müvafiq qurumları təcili ərazilərimizin süni şəkildə məskunlaşdırılması özbaşınalığının qarşısını hər vəchlə almalıdırlar. Şübhəsiz ki, ilk növbədə ATƏT də bu işə mənfi reaksiyasını göstərməlidir. Lakin ondan və digər beynəlxalq təşkilatlardan yardım ummağına dəyməz. Çünki həmişə olduğu kimi bunun yolverilməz, beynəlxalq hüququ zidd olduğunu bildirəcək, amma heç bir əməli addım atmayacaqlar. Biz bunu dəfələrlə bilavasitə işdə görmüşük. Beynəlxalq təşkilatlar  Dağlıq Qarabağda ermənilərin süni məskunlaşmasına daim göz yumurlar. Bəs, onda nə etmək olar? Bu işi Azərbaycan özü təkbaşına həll edə bilər. Ən azından lap bu günlərdə ermənilərin cəbhədə atəşkəsi pozmalarına kəskin və hay-küylü cavab verməklə torpaqlarımıza zorla gətirilən yadellilərin məsələnin əsl mahiyyətini anlamağa, onları Qarabağda ölümün gözlədiyini başa düşmələrinə kömək edər. Və gələn könüllülər də eləcə könüllü şəkildə rədd olub gedərlər. Hazırkı situasiyada bu problemi cözməyin ayrı yolu görünmür.
N.NOVRUZ