Minsk qrupunun vasitəçilik missiyası dayandırıla bilər

13 Avqust 2020 08:22 (UTC+04:00)


Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar nəticə vermir.  Ermənistan özünün qeyri-konstruktiv fəaliyyətilə hər vəchlə çalışır ki, bu danışıqlar  baş tutmasın, olsa da belə nəticəsiz olsun.
Danışıqlar prosesini həyata keçirən ATƏT-in Minsk qrupu da prosesdə nəticə əldə edilməsinə ciddi cəhdlə çalışmır. Onlar üçün başlıca amil atəşkəsin əldə olunmasıdır.  Minsk qrupu bundan o yana, danışıqlarda hər hansı bir irəliləyişin əldə olunması üçün İrəvana təsir və təzyiq göstərmir. Belə vəziyyətdə Azərbaycanda Minsk qrupundan imtina,  vasitəşilərin dəyişdirilməsi, yenilərilə əvəzlənməsi, başqa vasitəşilik formatına keçilməsinin vacibliyi məsələsi tez-tez gündəmə gətirilir.  Yaranmış bu durumda Azərbaycan nədən Minsk qrupundan imtina etmir və yeni vasitəçilik formatı yaratmır?
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy bildirdi ki, başqa maraqlı qüvvələri də Qarabağ prosesinə başqa formatlarda daxil etməliyik: “Burada iki məsələ var. Minsk qrupunun görünən missiyası Qarabağ probleminin həllilə bağlıdır. Amma digər tərəfdən, burada həmçinin müxtəlif xarici aktyorlarmüəyyən  maraqları da realizə edilir.
Tərəflər də problemin həllində bölgədə maraqlı olan güclərin imkanlarından istifadə etməyə çalışır. Görünən odur ki, həmin güclər bölgədə olsalar da, bu imkanlarından problemin həlli üçün istifadə etmirlər. Minsk qrupundan imtina fərqli bir kompozisiyanı meydana gətirə bilər. İmtina etmək olar. Ancaq bunun üçün imtina edən tərəfin başqa, “B”, “C” planları da olmalıdır. Həmin formatdan imtina fonunda Minsk qrupunun 11 nəfər ölkədən ibarət ənənəvi ilkin formatına qayıtmaq olar. Həmin qrupun iclasını çağırıb yeni formatda müzakələrin aparılmasını müzakirə etmək olar. Amma onun da problemin həllinə nəsə verəcəyi sualı açıq qalır. Həmçinin, Minsk qrupuna alternativ müxtəlif başqa formatları da gündəmə gətirmək mümkündür.  Bu formatdan biri Azərbaycan,  Ermənistan, Türkiyə və Rusiya formatıdır. Çünki hazırda bölgədə Türkiyənin də mövqeyi güclənməkdədir. Ermənistan buna etiraz etsə də, düşünürəm ki, Rusiya Türkiyə ilə razılaşsa, İrəvanın “yox” deyəcəyini təxmin etmirəm. Yəni paralel formatlarla bölgədəki müəyyən faktorları tarazlayıb onu öz xeyrimizə çevirə bilərik. Başqa maraqlı qüvvələri də prosesə başqa formatlarda daxil etməliyik”.  
Həmsöhbətimiz qeyd etdi ki, Minsk qrupundan imtina üçün ondan əvvəl bir neçə məsələ öz həllini tapmalıdır: “Bir formatdan imtina etmək üçün başqa əlavə “B” və “C” planları da olmalıdır. Ondan imtina üçün ya məsələni diplomatik yolla həll etməyin mənasız olduğunu deməliyik və müharibə variantını ortaya qoymalıyıq. Ya da bildirməliyik ki, başqa diplomatik formatlarımız var. İndiki halda, görünür rəsmilər düşünür ki, Minsk qrupundan imtina ediləcəyi halda başqa məsələlər gündəmə gələr, bunun hansısa geosiyasi, siyasi təsirləri ola bilər.
Minsk formatından imtinadan əvvəl bir neçə məsələ həll edilməlidir. Ona problemin həlli üçün konkret vaxt vermək lazımdır. Həmin müddət bitəndən sonra isə məsələ öz həllini tapmasa, Ermənistanla Minsk formatında müzakirədən imtina etməliyik. Bunun müqabilində məsələnin həlli istiqamətində dediyim kimi, başqa variantlar da olmalıdır. Müharibə variantına ciddi hazırlıqlar olmalıdır. Nəzəri baxımdan son dövrlərə qədər Minsk qrupunun səmərəsizliyinə etiraz etməmişik. Yalnız son dövrlər bu istiqamətdə rəsmi etirazlar səslənir. Prezidentin köməkçisi Hikmət Hacızadə müzakirələrlə bağlı fərqli bir neçə nüansı gündəmə gətirib. O, ifadə edib ki, BMT-nin məsələ ilə bağlı qərarları var. Amma uzun müddətdir ki, həmin qərarları, planları gündəmə gətirmirdik. Hikmət Hacızadə isə Fransa və Rusiya mətbuatına verdiyi son müsahibələrində bu amili qabardıb. O həmçinin, müzakirələrdə dəqiq, real tarix məsələsini də gündəmə gətirib”.
Rüfət NADİROĞLU