Dollar lirəni sıxışdırır, Türkiyədən gələn məhsullar ucuzlaşacaq

14 Avqust 2020 08:08 (UTC+04:00)


Türkiyə lirəsi yenidən sürətlə dəyərdən düşməyə başlayıb. Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında geniş iqtisadi əlaqələr var. Bu əlaqələr özünü həm neft-qaz, həm də qeyri-neft sektorunda göstərir.  Bu fonda lirənin dəyərdən düşməsinin Azərbaycana mümkün təsiri nədir və iki ölkə arasında ticarət dövriyyəsinə necə təsir edə edəcək?
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Türk lirəsinin dəyər itirməsi fonunda bu ölkədən Azərbaycana daha çox mal gətiriləcək: “Lirə dəyərdən düşürsə, Türkiyədən ixrac stimullaşır. Azərbaycan isə Türkiyədən idxalı stimullaşdıracaq. Yəni bu fonda qardaş ölkədən Azərbaycana daha çox idxal məhsulları gətiriləcək. Ona görə də ticarət dövriyyəsində Türkiyədən gələn məhsulların həcmində artım müşhidə ediləcək. Türk lirəsinin dəyərdən düşməsi ölkə iqtisadiyyatına müxtəlif cür təsir göstərir. Amma pozitiv təsirdən danışmaq mümkündürsə, bu ixracın stimullaşdırılması ilə bağlıdır. Bunun da nəticəsində Anadoludan ölkəmizə daha çox məhsul gətiriləcəyi gözlənilir. Digər tərəfdən, Azərbaycanda bazar oyunçuları arasında normla rəqabət mühiti yaransa, türk lirəsinin dəyər itirməsi ölkəmizdə qardaş ölkədən gələn mal, məhsulun qiymətinin azacıq da olsa düşməsinə səbəb olmalıdır.  Hələlik bunu müşahidə etmirik, ümid edirik ki,  qiymətlər də düşəcək.  Amma idxal stimullaşacaq, Türkiyədən daha çox məhsul alacağıq”.
Milli Məclisin deputatı, “İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd etdi ki, lirə ətrafında yaşanan durum Azərbaycan sahibkarları üçün əlverişlidir: “Türkiyənin valyuta  bazarında volatiklik artıq xeyli müddətdir müşahidə olunur.  Bununla yanaşı, son həftələr türk lirəsi daha çox dəyərsizləşir. Ümumiyyətlə, son illər bu ölkədə lirənin mərhələli şəkildə dəyərsizləşməsi prosesi müşahidə olunur.  O baxımdan lirə dollar, digər xarici valyutalar və manata nisbətən dəyər itirməkdədir. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Xüsusən də qeyri-neft sektorunda bu iki ölkə arasında ciddi əlaqələr mövcuddur.  Azərbaycanın qeyri-neft ixracatının mühüm hissəsi Türkiyənin payına düşür. Amma Azərbaycanın Türkiyəyə göndərdiyi qeyri-neft məhsulları neft sektoruna aid olmasa da, strateji məhsullardır. Bu baxımdan lirənin dəyişməsi həmin məhsulların bu valyuta ifadəsində qiymətini artırsa da, yaranmış vəziyyət Azərbaycanın Türkiyəyə ixracının azalmasına gətirib çıxarmayıb. Lakin lirənin dəyərsizləşməsi Türkiyədə istehsal olunan məhsulların dollar ifadəsind qiymətini azaldır.
Belədə, Türkiyədən ölkəmizə gətirilən ərzaq və qeyri-ərzaq məhsulların qiymət ifadəsində dəyərinin azalmasını müşahidə edə bilərik. Belə vəziyyət öz növbəsində postpandemiya dövründə Türkiyədən ölkəmizə qeyri-neft məhsulların ixracın həcmini artıra bilər.  Amma pandemiya bilirik ki, Azərbaycanla Türkiyə arasında ticarətin dövriyyəsinə də təsir göstərib. Azərbaycan ixracı və idxalında azalmalar var. İdxalımız cari ilin birinci yarım ilində  30 faiz azalıb. Ona görə də pandemiya davam etdikcə, Türkiyə və Azərbaycanın ümumi ticarət dövriyyəsinin azalmasının şahidi olacağıq. Lakin postpandemiya dövründə lirənin dəyərsizləşməsi davam edirsə, Türkiyədən Azərbaycana ixrac edilən məhsulların manat ifadəsində qiymətinin azalmasına gətirib çıxara bilər. Belə vəziyyət isə yerli sahibkarlarımız üçün rentabellidir”.
Rüfət NADİROĞLU