Azərbaycanda ali məktəblə peşə məktəbinin birgə kampusu yaradılacaq

14 Avqust 2020 12:10 (UTC+04:00)

Bu il Mingəçevir Dövlət Universiteti və Mingəçevir Peşə Məktəbinin birgə kampusunun layihələndirilməsi işlərinə start veriləcək.

Mövqe.az-ın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.

Onun sözlərinə görə, hazırda peşə təhsili müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi və infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində bir sıra işlər həyata keçirilir.

 

P.Yusifov qeyd edib ki, növbəti ildə Xaçmaz Peşə Məktəbində yeni istixananın, Quba Peşə Liseyində dəmirçi emalatxanasının, Qax Peşə Liseyində dəmirçi və dülgər emalatxanalarının, həmçinin yenidən qurulmuş Bərdə Peşə Liseyinin tələbələrin ixtiyarına verilməsi planlaşdırılır. Cəlilabad Peşə Təhsil Mərkəzinin tikintisi, Lənkəran Peşə Təhsil Mərkəzinin layihələndirmə işləri davam edir:

"Bu il Mingəçevir Dövlət Universiteti və Mingəçevir Peşə Məktəbinin birgə kampusunun layihələndirilməsi işlərinə də start veriləcək. Bu da sənaye üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, ali və peşə təhsili müəssisələri arasında əməkdaşlığın qurulması prizmasından çox vacib layihədir".