Arxadan vurulan zərbə

14 Avqust 2020 16:40 (UTC+04:00)

Hər zaman Rusiyadan asılı olan, onun köməyi ilə yaşayan Ermənistan ölkəmizə qarşı öz mənfur işğalçı siyasətini davam etdirməkdədir. 1991-ci ildən müstəqil olduğunu elan edən Ermənistan bu gün də Rusiyadan asılıdır, onun Qafqazdakı “for-postu” sayılır. 
Özünü müdafiə etməyə qadir olmayan, hər zaman kənar qüvvələrə arxalanan işğalçı dövlət  təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub və 1992-ci ildən Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olub. Həmçinin bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası da fəaliyyət göstərir.
Dərin iqtisadi böhran yaşayan Ermənistan Rusiya ilə hərbi əməkdaşlığa çox böyük əhəmiyyət verir, Rusiyadan aldığı silah-sursat hesabına hərbi potensialını artırmağa çalışır. Bir sıra hallarda öz siyasi havadarlarından silahları pulsuz, ya da simvolok qiymətlərlə əldə edir.
Növbəti belə hadisə iyul ayının 17-dən avqust ayının 4-nə qədər baş verib. Bu zaman Rusiyadan 3 xarici ölkə üzərindən Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Özü də bu hadisə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra olub. Bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq   düşmənimiz Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər.
Baş verən hadisələdən sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat, hərbi qulluqçular və dinc əhali arasındakı itkilər, sərhəd boyunca kəndlər və yaşayış məntəqələrində dağıdılan və yararsız hala düşən evlər barədə  barədə məlumat verib.
 Telefon danışığı zamanı Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib və   iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb, bu müddət ərzində Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın bu hərəkəti isə Azərbaycan ictimaiyyətində çox mənfi qarşılanıb və münaqişənin həlli istiqamətində Rusiya tərəfindən atılan addımlara inamı azaldır. 


İlqar Əliyev – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi