Qubada “Soyqırımı memorial kompleksi”ndə tikinti işləri başa çatıb

1 Avqust 2013 13:17 (UTC+04:00)

Bu barədə APA-ya kompleksdə inşaat işlərini həyata keçirən şirkətin iş icraçısı Adil Axundov məlumat verib.

 

Onun sözlərinə görə, tikinti işlərinə 2010-cu ilin noyabr-dekabr aylarında başlanılıb: "Artıq kompleksdə tikinti işlərini yekunlaşdırmışıq. Ətraf ərazilərdə təmizlik işləri aparılır. Bina istifadəyə hazırdır".

 

A.Axundov qeyd edib ki, növbəti mərhələdə kompleksdə vertolyot meydançası tikiləcək və aşkar edilən insan sümüklərinin üzəri xüsusi konstruksiya ilə bağlanacaq.

 

Qeyd edək ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində meydana gələn Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilərin azərbaycanlılarla yanaşı, amansızcasına qətlə yetirdikləri ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də məzarlıqda kütləvi şəkildə basdırılıblar.

 

Azərbaycan prezidenti İlham Əliyev 2009-cu ildə Prezidentin Ehtiyat Fondundan Qubada "Soyqırımın memorial kompleksi"nin yaradılması məqsədilə 1 mln. manat ayırıb.