Xəzərdə yenidən hərbi güc nümayişi başladı

2 Avqust 2013 08:40 (UTC+04:00)

Xəzərin hərbləşdirilməsinin yolverilməz olduğu dəfələrlə gündəmə gətirilsə də, görünən odur ki, buna əməl etmək istəməyən bəzi sahilyanı ölkələr dənizi daha sürətlə militaristləşdirirlər. Qeyd olunan xüsusda seçilən dövlətlər sırasında Rusiya və İran xüsusilə seçilməkdədir. Son illərdə Moskva özünün yeni döyüş gəmilərini heç bir ehtiyac və zərurət olmadığı halda Xəzər flotilyasına yerləşdirməkdədir.

Elə bunun daha bir təsdiqi odur ki, bu ay Rusiya Xəzər flotiliyasının döyüş tərkibinə yeni çoxməqsədli, yüksək sürətli kater daxil edəcək. Avqustun birinci yarısında Xəzər dənizinə daxil olacaq "Qraçonok" antidiversiya kateri avqustun sonuna kimi Xəzər dənizində hərəkət və dövlət sınaqlarının bütün mərhələlərini keçəcək. Bundan sonra kater gəmi birləşməsinin tərkibinə qəbul ediləcək.

Xatırladaq ki, hazırda Xəzəryanı ölkələr arasında Xəzərdə hərbi qüvvələr nisbəti faktiki olaraq Rusiyanın xeyrinədir. Belə ki, hazırda Rusiyanın Xəzərdə 14 müasir hərbi gəmisi var. Bu hərbi gəmilər düşmən hədəflərini asanlıqla məhv etməyə qadir olan və böyük dağıdıcı güc hesab edilən "Bastion" raket kompleksləri və "Yaxont" qanadlı raketləri ilə təchiz edilib. 2020-ci ilə kimi Rusiya Xəzər hərbi dəniz donanmasının istifadəsinə daha 20 hərbi gəmi verməyi planlaşdırıb. Bununla əlaqədar "Nezavisimaya qazeta"nın yazdığına görə, Rusiya son illərdə ən müasir hərbi gəmilərini Xəzərdə yerləşdirib və bu proses davam etdiriləcək. Xəzərdə ən ciddi təhlükə yaradan ölkələrdən biri isə cənub qonşumuzdur. Hazırda İran Xəzərdə 100-ə qədər müxtəlif tipli kiçik tutumlu hərbi gəmiyə malikdir. İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) istehsalı olan "Camaran 2" eskadra mina-tral gəmisi isə bu ilin martında Xəzər dənizində HDQ-nin istifadəsinə verilib. "Camaran 2" eskadra mina-tral gəmisi inkişaf etdirilmiş texnologiyalarla təchiz olunub. "Camaran 1" eskadra mina tral gəmisi ilk dəfə 2010-cu ilin fevral ayında Fars körfəzi sahillərində İran HDQ-sinin istifadəsinə verilib. Camaran" gəmisi İran mütəxəssisləri tərəfindən hazırlanıb və istehsal edilib. "Camaran" suyun üzərində, altında və havada yerləşən hədəflərlə döyüşmək qabiliyyətinə malikdir. Bundan əlavə, gəminin göyərtəsində helikopter yerləşdirmək mümkündür. Gəmi "elektron müharibədə" də istifadə oluna bilər. İran KİV-nin məlumatına görə, "Camaran 2" eskadra mina-tral gəmisində yeni nəsil texnologiyalardan istifadə olunub. Yeni gəmi "Camaran 1" gəmisinin inkişaf etdirilmiş formasıdır.

Bu arada daha bir maraqlı nüasn isə odur ki, Rusiya Hərbi Dəniz Donanması və İslam Respublikası 2013-cü ilin ikinci yarısında Xəzərdə birgə hərbi manevr keçirməyi planlaşdırıb. İslam Respublikası donanması da öz növbəsində bu təlimə maraq göstərdiyini bildirib. İran gəmiləri qrupunun komandiri Məhəmmədhəsən Azərpekan deyib ki, əgər yüksək komandanlıq heyəti bu haqda qərar qəbul edərsə, onu məmnunluqla həyata keçirərlər. Ekspertlər iəs hesab edirlər ki, əslində, Moskva və Tehran Xəzərri hərbləşdirməklə, burada güc nümayiş etdirməklə dənizdə geosiyasi maraqlarnı heç kimə güzəştə getməyəcəklər. Bu geosiyasi maraqların əsas hədəflərindən biri isə "Transxəzər" layihəsinin reallaşmasına qarşı çıxmaqdır. Alternativ mənbələrdən eneji alınmasına getdikcə daha çox ehtiyac dyuan Avropa məhşur "Transxəzər" layihəsini reallaşdırmaqda israrlı görünür. Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bu günlərdə qeyd edir ki, "Transxəzər" layihəsini reallaşdırmaq istəyənlər bütün Xəzəryanı ölkələrin mövqeyini və beynəlxalq hüquq normalarını nəzərə almırlar. Onun sözlərinə görə, "Transxəzər"in çəkilişi üçün heç də bütün sahilyanı ölkələr öz razılığını verməyiblər və Moskva bu kəmərə qarşıdır. Beləliklə, Kremlin yenidən "Transxəzər"ə mane törədəcəyi, lazım gəlsə, Xəzərdə aqressiv addımlar atacağı istisna olunmur. Bu halda isə "Transxəzər"in reallaşmasında maraqlı olan Qərb artıq proseslərə müdaxilə etməlidir. Digər tərəfdən xəzərin karbohidrogen ehtyiatları ad vəziyyətə təsirsiz ötüşmür. ABŞ hökumətinin qiymətləndirmələrinə əsasən, hazırda Xəzərin neft ehtiyatlarının həcmi 186 milyard barrelə çatır. Bu isə dənizə olan maraqları əhəmiyyətli dərəcədə artırır. Bu fonda hazırda Xəzərin fəal şəkildə hərbiləşdirilməsi prosesi gedir ki, bu da regionda təhlükəsizliyə bilavasitə təsir göstərmək iqtidarındadır.