Saakaşvili Milli Şuranın Moskvadan idarə olunduğunu bildirdi

2 Avqust 2013 10:36 (UTC+04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycan müxalifətinin – Demokratik Qüvvələrin Milli Şurasının iyulun 30-u və 31-i Tbilisidə toplaşmasına münasibət bildirib. Avqustun 1-də parlament nümayəndələri və qubernatorlarla görüşən prezident bu cür məsələlərdə hökuməti ehtiyatlı olmağa çağırıb: "Sizə məlumdur ki, dünən və srağagün prezident İlham Əliyevə opponent olmaq istəyənlər Moskvadan buraya gəlib toplantı keçiriblər. Hamının siyasi fəal olmaq haqqı var. Biz demokratik, azad ölkəyik, lakin çox gözəl bilirik ki, məhz Rusiya Federasiyasında bu insanları idarə edirlər və maliyyələşdirirlər. Bu insanlar konkret məqsədlə, Azərbaycanda siyasi sabitliyi pozmaq üçün ortaya atılıblar. Amma bilməliyik ki, Azərbaycanın siyasi sabitliyi Gürcüstanın da siyasi sabitliyini şərtləndirir".

Mixail Saakaşvili Gürcüstanın kiçik, həssas vəziyyətdə olan dövlət olduğunu xatırladıb: "Bizim ərazimiz qonşularımızın əleyhinə siyasi manipulyasiya üçün istifadə olunmamalıdır. Bu məsələdə çox ehtiyatlı olmalıyıq".

Xəbəri APA yayıb.

İyulun 30-da Milli Şura Tbilisidə sədr, prezidentliyə iddiaçı Rüstəm İbrahimbəyovun iştirakı ilə müşavirə keçirib. Şura üzvlərindən yalnız sədr Rüstəm İbrahimbəyov Tbilisiyə Moskvadan gedib.

Müşavirənin ertəsi günü Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla Müsavat başqanı İsa Qəmbərin təkbətək görüşü olub.