MSK: Seçki günü son ana qədər növbədə durmuş seçicilər üçün səsvermə şəraiti yaradılmalıdır
2 Avqust 2013 13:31 (UTC+04:00)
Seçki günü son ana qədər növbədə durmuş seçicilər üçün səsvermə
şəraiti yaradılmalıdır. Bunu bu gün Mərkəzi Seçki Komissiyasında
(MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən
seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda MSK Katibliyinin müdiri
Rövzət Qasımov bildirib.
5 gün davam edən kursun son günündə DSK sədrləri qarşısında
"Prezident seçkilərində nəticələrin müəyyən edilməsi prosesində
dairə və məntəqə seçki komissiyalarının rolu" mövzusunda çıxış edən
MSK Katibliyinin müdiri qeyd edib ki, son ana qədər növbədə durmuş
seçicilər üçün səsvermə şəraiti yaradılmalıdır: "Seçkilər günü
proses saat 19.00-da yekunlaşsa da, məntəqəyə gələn və həmin ana
qədər növbədə durmuş seçicilər üçün səsvermə şəraiti
yaradılmalıdır. Səslərin sayılması prosesi zamanı isə hər hansı
fasiləyə yol vermək olmaz. Bu proses fasiləsiz davam
etdirilməlidir. Çünki səslərin sayılması zamanı fasiləyə çıxmaq
qanunla yolverilməzdir".
Daha sonra çıxış edən Konstitusiya Məhkəməsinin (KM) hakimi Ceyhun
Qaracayev deyib ki, seçki hüququ dövlətin öhdəlikləri ilə bağlıdır.
Dövlətdə hüququn təminatı modeli birbaşa vətəndaş hüquqları ilə
bağlıdır. Bununla yanaşı dövlət öz üzərinə pozitiv öhdəliklər də
götürür. Dövlət aktiv və passiv seçki hüququ üçün şərait
yaratmalıdır.
Avropadakı seçki hüququ sistemləri ilə Azərbaycandakı mövcud
sistemi müqayisə edən KM-in hakimi seçkilərlə bağlı standartları
müəyyən edən beynəlxalq konvensiyaya, eləcə də AŞ-nın Venesiya
Komissiyasının tövsiyə və tələblərinə də toxunub. Onun sözlərinə
görə, seçki hüququ məhdudaşdırıla bilər və müəyyən senzlərin olması
normal haldır: "Bu həmin xalqın dövlət başçısına inamını artırır.
Venesiya Komissiyasının rəyinə görə, kvotaların müəyyən olunması
hüquq pozuntusu kimi qəbul edilməməlidir. Məsələn, anlaqsız
şəxslər, məhkumlar üçün hansısa məhdudiyətlər qoyula bilər."