Aureliya Qriqoriu: “Mənə təzyiq göstərənlərin məsuliyyətə alınmasını tələb etmişəm”
2 Avqust 2013 13:56 (UTC+04:00)
Erməni diasporu nümayəndələrinin Moldovanın insan
hüquqları üzrə müvəkkili Aureliya Qriqoriunun ünvanına təhdidləri
davam edir. Bu barədə APA-ya açıqlama verən Aureliya Qriqoriu
bildirib ki, onun bu ilin iyulun 4-də İrəvanda etdiyi çıxışından
sonra Rışkan kəndinin pretoru (meri) və Rışkan polis komissarlığı
onun ləyaqətinin və parlament vəkili nüfuzunun alçaldılması,
psixoloji təzyiq göstərilməsi üçün müəyyən addımlar
atıblar.
A. Qriqoriunun sözlərinə görə, Rışkan kəndin
pretoru tərəfindən ona yaşadığı evin dezinfeksiya edilməsi tələbi
ilə məktub göndərilib: "Mən pretora rəsmi cavab göndərdikdən sonra
komissariat tərəfindən konkret tədbirlər görülməyə başlanıb. İyulun
31-də mülki geyimdə olan bir naməlum kişi qapımızı döyərək, evə
daxil olmaq istəyib. Anam buna yol verməyib, bu zaman həmin kişi
sərt şəkildə bildirib ki, qapımızı sındıracaq. Anam mənə zəng
vuracağını dedikdən sonra həmin naməlum şəxs evin telefon xətlərini
kəsərək gedib".
A. Qriqoriu avqustun 1-də bacısı Viktoriya
Qriqoriu bu hadisə ilə bağlı Mixail Vasluyan adlı ərazi müfəttişinə
müraciət edib: "Vasluyan bildirib ki, mən İrəvanda toxunduğum
mövzuya görə cavab verəcəyəm. Deyib ki, Aureliya heç bir addım ata
bilməz, çünki o, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını və
televiziya işçilərini evimizə çağıracaq. Ondan soruşanda ki, hansı
əsaslara görə belə bir addım atılır, müfəttiş bildirib ki, həmin
evin sakinlərinin müraciəti var. Guya anamı atmışam, ona baxmıram,
ac qalır. Vasluyan bu tədbirlərin mənə qarşı hakimiyyət tərəfindən
başlanan məqsədyönlü aksiya olduğunu gizlətmir".
Moldovalı ombudsman əlavə edib ki, o pretor, polis
komissarı və ərazi müfəttişinin addımlarını - təqib, parlament
vəkilinin işinə qarışmaq, səlahiyyətləri aşmaq, sui-istifadə, insan
haqlarının pozulması kimi dəyərləndirir: "Bununla bağlı mən Moldova
Respublikasının Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət
edərək, həmin şəxslərin Cinayət Məcəlləsinin 328-ci maddəsi üzrə
(səlahiyyətlərin aşması və sui-istifadəsi) məsuliyyətə cəlb
edilməsini tələb etdim".