İş adamlarına iftar süfrəsi açıldı

6 Avqust 2013 17:13 (UTC+04:00)
Dünən "İpək Yolu" Sahibkarlığa Dəstək İctimai Birliyi tanınmış iş adamları üçün növbəti dəfə "Dostluqda əl-ələ" adlı iftar süfrəsi təşkil edib. Birlikdən Movqe.az-a verilən məlumata görə, Ramazan ayı və bayramın yaxınlaşması münasibətilə təşkil olunmuş iftara ölkənin bir neçə şirkətlərinin rəhbər və nümayəndələri təşrif buyurmuşdular. Onların sırasında Tuna nəşriyyatı, Cihan reklam, İnfinor, Azernet, Pinlight, Seramik center, Halal group və başqa şirkətlərdən rəhbərlər və üzvlər vardı. Azan səsindən sonra Birliyin katibi Sərraf Nəzər açılışı edərək hamını Ramazan ayı və bayramın yaxınlaşması münasibəti ilə təbrik etdi. Sonra sözü Birliyin rəhbəri Rəşid Çulaqova verdi. R. Çulaqov hər kəsi salamlayaraq çıxışını belə davam etdirdi: "İpək Yolu" sahibkarlığa dəstək ictimai birliyinin təşkil etdiyi "Dostluqda əl-ələ adlı iftar proqramımızda hamınızı xoş gördük. Dəvətimizə dəyər verib Ramazani-şərifin mübarək gecələrindən birini də bizə ayırdığınız üçün hamınıza öz adımdan və idarə heyətimiz adından təşəkkür bildirirəm. Dəyərli dostlar, hər sahədə olduğu kimi iqtisadi sahədə böyümə yalnız birləşməklə,yaxınlaşmaqla, uzlaşmaqla, əl-ələ verməklə olur. Düzgün partnyorların seçilməsi, düzgün zamanda və düzgün yerə sərmayənin qoyulması isə hər zaman risk məsələsi ilə üz-üzə olan sərmayəni daha da güvənli daha da qarantili edir.Bunun üçün də ünsiuyətə ehtiyac olduqca böyükdür. Biz də bu ehtiyacdan yola cıxaraq durmadan böyüməkdə və güclənməkdə olan dövlətimizin beynəlxalq iqtisadi siyasətindən şirkətlərimizin də düzgün faydalana bilmələri üçün belə bir ictimai birliyi qurmaq qərarına gəldik.
Sizlər şirkətlərsiniz, hər zaman böyümə, inkişaf etmə, güclənmə arayışı içindəsiniz. Bunun üçün bəsirətli düşünməyə, incə hesablara və dünyada baş verən iqtisadi müvazinəti qorumağa və bazar iqtisadiyyatının rəqabət imtahanından düzgün çıxmağa ehtiyac vardır.Biz beynəlxalq müşahidələrimizə inanaraq sizlərə qeyd etdiyimiz bu imkanları tam əminliklə təklif edirik.Bizimlə bərabər olmağınıza inanıram ki, peşman olmayacaqsız. Əgər buna sizdə inanırsızsa, buyurun əl-ələ addımlayaq".
İftar zamanı tanınmış sənətçi Novruz Novruzlu öz mahnıları ilə gələn qonaqların könlünü oxşamağa çalışdı.