Aktyorlarımız əcnəbi filmlərdə rol almaqda çətinlik çəkir

6 Avqust 2013 18:33 (UTC+04:00)

Kənan MM: "Xaricilərin özlərində o qədər aktyor var ki, daha bizimkilərə ehtiyac yoxdur"


Bu gün kino sənayesində diqqət cəlb edən amillərdən biri də əcnəbi aktyor və aktrisaların potensialından istifadə olunması, onların başqa ölkələrin ekran əsərlərində rol almasıdır. Azərbaycanın da kifayət qədər professional aktyorları olsa da, onların xarici ölkələrin səhnələrində  yer alması halları çox deyil. 

Aktrisa Naibə Allahverdiyeva Mövqe.az-a açıqlamasında  bizim aktyorların xarici filmlərə dəvət almamasını acınacaqlı hal hesab edib: "Bəli, bu çox acınacaqlı haldır. Ancaq elə SSRİ vaxtı da olub ki, bizim aktyorları MDB  dövlətlərindən fərqli olaraq çox az-az dəvət ediblər. Bizim xarici kinolara çəkilən aktyorlarımızı barmaqla saymaq olar. İnsan gərək özünə qiymət verməyi bacarsın ki, başqaları da ona qiymət versin.  Amma sovet dövründə bizim istedadlı aktrisalarımız dura-dura Rusiyadan, Özbəkistandan aktyor və aktrisa dəvət edirdik. Ancaq onlar bizimkiləri heç dəvət etmirdilər. Mənim özümə də həmişə maraqlı gəlib, nəyə görə bizimkiləri xarici filmlərə dəvət etmirlər?! Adi türkiyəli müğənni gələndə ona necə münasibət olur, bizim öz müğənnimiz konsert verən zaman onu necə qarşılayır bizim tamaşaçı?! Fərq göz önündədir. Nə üçün biz ora-bura gedəndə hamı bizə heyran olur?! Neçə dəfə olub ki, mən türk serialına çəkilmək üçün dəvət almışam. Moskvada bir neçə filmə çəkilmişəm. Amma inanın, hər yerdə özümüzünkülərə qarşı yad, ögey münasibət və qısqanclıq görürəm". 

Aktrisa Türkiyədə tanınmamış aktyorlara belə külli-miqdarda pul ödənildyini deyir: "Öz tanınmamış aktyorlarına külli-miqdarda pul ödədikləri halda, bizimkilərə bir qəpik vermirlər. Fikirləşirlər ki, bizimkilərə pul verincə, xərc çəkincə, elə xeyri özlərinkinə versinlər. Türkiyəli rejissordan soruşdum ki, niyə bizə çox aşağı məbləğ təqdim edirsizniz? O isə cavabında dedi ki, sizin rejissorlar bizə belə məsləhət bilirlər ki, bu qədər ver, bəsidir. Bizim aktyorlar həm ucuzdur, həm də özümüz-özümüzə imkan vermirik. O vaxtlar mən Türkiyədə filmə dəvət alanda artıq rola təsdiq olunmuşdum. Üstündən bir müddət keçəndən sonra xəbər tutdum ki, artıq film üçün başqa aktrisa çəkilib. Həmin rejissor mənə dedi ki, belə alındı. Səbəbi bilmədim. Sadəcə paxıllıq və işimə əngəl törədildi. Sonradan həmin adam özü də mənə dedi ki, sizdə çox gözügötürməyən, iş çevirənlər var. Özümüz öz uğurumuza da qısqanclıqla yanaşırıq. Mən ən böyük səbəb kimi, içimizdə olan paxıllığı, qısqanclığı görürəm. 

Digər tərəfdən bizim tanıtım çox zəifdir. Aktyorlarımız xarici arenaya çıxa bilmirlər. Bu da o demək deyil ki, bizim aktyorlar zəifdir, qeyri-peşəkardır. Əsla! Bizim aktyorlarımız qat-qat yaxşıdır. Bizdə rejissor qıtlığı və ssenari zəifliyi var. Mən rus aktyorlar ilə bir filmə çəkildim. Onların istedadı o dərəcə də deyildi. Əksinə, onlar mənim gözlərimə heyran olmuşdu. Deyirdilər ki, sizin eleə bir dənə gözləriniz bütün ekrana işləyir. Ancaq onlarda çox gözəl rejissor, operator işi var. İşıq effekti çox əla idi".

Rejissor Kənan MM isə bildirir: "Bu məsələnin istedadsızlıqla əlaqəsi yoxdur. Xaricilərin özlərində o qədər aktyor var ki, daha bizimkilərə ehtiyac yoxdur. Əvvəllər bizim aktyor və aktrisalar yalnız SSRİ vaxtında xarici filmlərə dəvət alıb çəklirdilər. İndi isə Rasim Balayev, Şamil Süleymanov, Amaliya Pənahova, Fəxrəddin Manafov və başqaları da çəkilir. Sadəcə indi bizimkilərin xarici filmlərə az çəkilməsinin səbəbi onların yerli filmlərə az çəkilməsi ilə əlaqədardır. Bizdə bu proses təzə başlandığı üçün özümüzünkülər öz serial və filmlərimizə az çəkilir. Az çəkildiyi üçün də seyr edilə bilmir. Mən düşünürəm bu səbəbdən sadəcə xarici filmlərə az çəkilirlər".