Ölkənin baş pediatrı imedis üsulunu fırıldaq adlandırdı-Özəl

6 Avqust 2013 18:55 (UTC+04:00)

 "Şəxsən mən imedis üsulu ilə müayinəni qəbul etmirəm və buna inanmıram". Bu sözləri Movqe.az-a imedis üsulu ilə müalicə adı ilə pasiyentlərin aldadılması faktına münasibətində ölkənin baş pediatrı Nəsib Quliyev deyib. N. Quliyev  bildirib ki, uşaqların "İmedis" aparatı ilə müayinəsi dolayı müayinə üsuludur: " Əgər birbaşa, yəni qandan, nəcisdən, sidikdən nümunə götürməklə labarotor şəraitdə birbaşa yoxlamaq mümkündürsə, valideynlər nə üçün dolayı müayinə üsullarına müraciət edirlər? Şəxsən mən imedis müayinə üsulunu qəbul etmirəm və buna inanmıram". 

N. Quliyev bildirib ki, bu üsul xüsusilə uşaqlarda ağır fəsadlara gətirib çıxara bilər: " "İmedis üsullu ilə həyata keçirilən müayinə zamanı uşağa aparat vasitəsilə diaqnoz qoyulur. Həkim də müalicəni həmin diaqnoza uyğun təyin edir. Diaqnozda müəyyən yanlışlıq olsa, müalicə də düzgün aparılmayacaq və son nəticədə uşağın sağlamlığı sual altında qalacaq. Mən bütün valideynləri uşaqlarını dolayı yox, birbaşa müayinə üsulları ilə müayinə etdirməyə səsləyirəm".

Qeyd edək ki, "İmedis" aparatı ilə müayinə zamanı sağ canlıların hamısı ətrafa elektromaqnit dalğaları saçır. Alimlər xəstəlik törədən virus, mikrob, qurd və göbələklərin elektromaqnit dalğalarını ölçərək, həmin cihazın proqramına yerləşdiriblər. Parazitləri diaqnoz etmək üçün pasiyentin barmağındakı bioloji aktiv nöqtəsindən istifadə olunur. Belə nöqtələr bütün daxili orqanlarla əlaqəli olur. Cihazın qələm kimi elektrodu pasiyentin barmağındakı nöqtəyə toxunaraq, müxtəlif növ parazitlərin dalğalarını növbə ilə onun daxili orqanlarına ötürür. Əgər pasientin bədənində müvafiq parazit varsa, onda dalğalar üst-üstə düşür və kompyuter bunu qeydə alır. Aşkar edilmiş parazitlər əks dalğalarla məhv edilirlər. 

Amma Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində Yasamal rayonunda yerləşən "İmedis" klinikasında həkimlərin vətəndaşları aldatması faktını  üzə çıxarıb. Belə ki, vətəndaş Cəsarət Baxşəliyev Baş İdarəyə müraciət edərək bildirib ki, "İmedis" klinikasında çalışan həkim Şəlalə Əzimovanın qəbulunda olub və "İmedis Ekspert" aparatı vasitəsilə ona 3 adda parazit qurd xəstəliyinin aşkarlaması barədə diaqnoz qoyulub. Tibb Klinikasında həmçinin vətəndaşa bildirilib ki, "İmedis Ekspert" aparatı ilə 7 seans biorezonans müalicəsi almalı və bunun müqabilində 160 manat ödəməlidir. Qoyulan diaqnozdan narahat olan şikayətçi yaşadığı ərazidə dövlət xəstəxanasına müraciət edib və ona heç bir qurd xəstəliyinin olmadığı barədə rəy verilib. Bundan əlavə, daha 2 vətəndaş  - Faiq Baxşıyev və Seyfulla Abdullayev də Baş İdarəyə ərizə ilə müraciət edərək "İmedis" klinikasında həkim Şəlalə Əzimova tərəfindən eyni üsulla aldadıldıqlarını və övladlarına düzgün olmayan qurd xəstəliyi diaqnozunun qoyulduğunu bildiriblər. Baş İdarə əməkdaşları tərəfindən klinikaya baxış keçirilərkən müəyyən edilib ki, Rusiyada istehsal edilən, dəyəri 2500 manat olan "İmedis Ekspert" aparatı ilə həqiqətən müayinə və müalicə aparılır. "İmedis Ekspert" aparatlarının təyinatı ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilib. Alınan cavabda aparatların qeyri-dəqiq, həmçinin qurd xəstəliklərinin müalicəsinin ümumiyyətlə belə avadanlıqlar vasitəsi ilə mümkün olmadığı bildirilib. Bununla da müəyyən edilib ki, klinikanın rəhbəri, Sumqayıt şəhər sakini, 47 yaşlı Leyla Məmmədova və onun həyat yoldaşı, İran İslam Respublikasının vətəndaşı 43 yaşılı Əhəd Abadipəsənd xeyli müddətdir ki, çoxsaylı vətəndaşı bu yolla aldadaraq dələduzluq yolu ilə külli miqdarda pullarını mənimsəyiblər. Araşdırmalarla daha sonra müəyyən edilib ki, analoji müayinə və müalicə üsulları Bakı şəhərində fəaliyyət göstərən bir sıra klinikalarda da tətbiq edilir. Müəyyən olunmuş cinayət faktı üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir. DİN-dən o da bildirilib ki, bəzən oxşar müayinə və müalicə üsulları ilə bağlı əsassız reklamlara KİV-də də rast gəlmək mümkündür. Odur ki, DİN vətəndaşlara tövsiyə edir ki, belə aldatma və dələduzluq halları ilə rastlaşdıqda 102 Xidmətinə, eləcə də (012) 590-39-10, (012) 590-98-58 saylı telefonlara zəng vuraraq məlumat versinlər.