Azərbaycan-ABŞ hərbi əməkdaşlığının Xəzər mərhələsi başlanır

7 Avqust 2013 08:08 (UTC+04:00)

Son günlərin ən çox diqqət cəlb edən hadisələrindən biri də Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ABŞ-a səfəri və burada keçirdiyi görüşlərdir. Qeyd edək ki, səfər çərçivəsində Səfər Əbiyev ABŞ müdafiə katibi Çak Heygellə görüşüb.

Cənab Əbiyev görüşdə Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət barədə söhbət açaraq bildirib ki, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda 1 milyondan artıq insan öz doğma yurdundan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Azərbaycan torpaqları 20 ildir ki, işğal altındadır. ABŞ və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarına əsaslanaraq təcavüzkarla işğala məruz qalan tərəfi fərqləndirmir. Ancaq çox təəssüf ki, bu günədək beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən Ermənistanın işğalçı dövlət olduğu bəyan edilməyib".

Səfər Əbiyev bu məsələdə 907-ci düzəlişin indiyədək aradan qaldırılmamasının yaratdığı problemləri və bunun ABŞ-ın xarici siyasəti ilə ziddiyyət təşkil etdiyini xüsusi vurğulayıb. Nazir Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyi və Azərbaycan torpaqlarının işğaldan azad olunmadığı təqdirdə bütövlükdə regionda gərgin hərbi siyasi vəziyyətin davam edəcəyini amerikalı həmkarının diqqətinə çatdırıb.

Görüş zamanı Çak Heygel Səfər Əbiyevin fikirləri ilə razılaşdığını bildirib və Azərbaycanın dostu olaraq bundan sonra da ölkələrarası strateji əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinə səy göstərəcəyini vurğulayıb. Daha sonra nazirlər ölkələr arasında hərbi-texniki əməkdaşlığın istiqamətləri barədə geniş fikir mübadiləsi aparıblar.

Azərbaycan Respublikası ilə ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə toxunan nazir Səfər Əbiyev əlaqələrin qurulmasında və inkişaf etdirilməsində Azərbaycanın praktiki addımlarının xüsusi önəmi olduğunu qeyd edib. O bildirib ki, ABŞ-la Azərbaycan arasında müdafiə sahəsində bir sıra proqramlar üzrə əməkdaşlığın davam etdirilməsi istiqamətində müsbət nəticələr əldə olunub. Nazir ölkəsinin 2014-cü ildən sonra da Əfqanıstandakı əməliyyatlara töhfə verəcəyini vurğulayıb və artıq bu niyyətin NATO tərəfindən dəstəkləndiyini həmkarının diqqətinə çatdırıb. Söhbət zamanı Səfər Əbiyev beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsinin və beynəlxalq koalisiya əməliyyatlarında birgə iştirakın verdiyi töhfələrin əməkdaşlığın möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Avroatlantik təhlükəsizliyə töhfə kontekstində Azərbaycanın həyata keçirdiyi işləri qeyd edən Səfər Əbiyev bu sahədə enerji, nəqliyyat, rabitə və digər regional layihələrin də strateji əməkdaşlığın inkişaf etdirilməsində mühüm faktora çevrildiyini vurğulayıb.Bundan başqa Səfər Əbiyevin ABŞ Hərbi Dəniz Katibi Rey Mabusla da görüşü olub. Söhbət zamanı Xəzərin təhlükəsizliyi və hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb. Ekspertlər isə görüşü yüksək qiymətləndirirlər. Məsələn, hərbçi ekspert Üzeyir Cəfərov bildirib ki, yaxın aylarda Azərbaycan-ABŞ münasibətlərinin yeni səhifəsi haqqında tərəflər bəzi anlaşmaları müzakirə edib, müvafiq sənədlərlə bunu təsdiq edəcəklər. Səfərin çox əhəmiyyətli olduğunu vurğulayan Ü.Cəfərov deyib: "Belə iki tərəfli və yüksək səviyyəli görüş çoxdan idi ki, keçirilmirdi. Düşünürəm ki, bunun faydasını yaxın zamanlarda görmək mümkün olacaq. Doğrusu, müdafiə nazirinin səfərinin sırf İran məsələsi ilə bağlı olmasını vurğulamağın tərəfdarı deyiləm. Sözsüz ki, səfər zamanı bu məsələ də müzakirə edilib. Amma Səfər Əbiyevi müşayiət edən şəxslərdən birinin Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov olması onu deməyə əsas verir ki, ABŞ yaxın zamanlarda Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) daha da möhkəmləndirilməsi üçün əlindən gələn köməyi və dəstəyi göstərməyə çalışacaq. Bundan əlavə, Azərbaycanın gələcəkdə NATO ilə bağlı atmaq istədiyi addımlarla bağlı da ciddi müzakirələrin olmasını düşünürəm".

onu da bildirə ki, son dövrlərdə Rusiya və İran Xəzərdə hərbi güclərini durmadan artırır. Bu xüsusda analoji addım atmağa məcbur olan Azərbaycana isə ABŞ yaxından yardım edə bilər. Çünki Xəzərdə ABŞ-ın özünün də maraqları kifayət qədərdir.

ABŞ-ın hərbi-dəniz qüvvələrinin gücləndirilməsi istiqamətində Azərbaycana göstərəəcyi yardım isə ölkəyə böyük dəstəkdir. Ekspertlər hesab edir ki, Azərbaycan bu məsələdə, ABŞ-ın dəstəyi ilə, Xəzərin ona məxsus sahəsində hərbi qüvvələrinin gücləndirilməsini daha da intensivləşdirməlidir. Proseslər isə ABŞ-ın özünün də bu məsələdə Azərbaycana yardımiçı olmaqda maraqlı olduğunu üzə çıxarır. Qeyd edək ki, ABŞ son illərdə ölkəmizə təmənnasız olaraq hərbi katerlər və müxtəlif təyinatlı hərbi dəniz texnikası verib.