Yeni peyvəndlərlə bağlı qərar sabah nazirliyə göndəriləcək-Özəl

7 Avqust 2013 12:02 (UTC+04:00)

Azərbaycanda uşaqlar üçün yeni, pnevmakok peyvəndlərin tətbiqinə hazırlıq işlərini qiymətləndirən Ümumdünya Səhiyyə Təşkilatının  (ÜST) qiymətləndirmə missiyasının nümayəndələri işlərini başa vurmaq üzrədir. Bu barədə məlumatı Movqe.az-a hazırda ÜST-ün nümayəndələri ilə birgə Ucar rayonunda olan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva verib. A. Əliyeva bildirib ki, qiymətləndirmə missiyası ilə birgə yerlərdə vəziyyətə baxış davam etdirilir: "Nümayəndələr ilk növbədə Bakı, Abşeron, Sumqayıtda, daha sonra isə Ağsu, Şabran, Siyəzən, Ağcabədi Beyləqan rayonlarında peyvəndin saxlanılması üçün soyuq zəncir sistemi avadanlaıqlarına baxış keçirib, yeni vaksinin tətbiqi ilə bağlı keçirilən treninqlərin effektivliyini qiymətləndiriblər. İlkin qiymətləndirməyə görə, hələki ÜST-ün nümayəndələri hazırlıq işlərindən razıdırlar. Amma yekun qiymətləndirmə sabah olacaq. Qiymətləndirmə missiyasının gəldiyi qərar hazırlanaraq Səhiyyə Nazirliyinə göndıriləcək. Nazirliyin müvafiq əmrindən sonra yeni peyvəndlərin Azərbaycana gətirilməsinə başlanılacaq". 

A. Əliyeva Azərbaycana ayrılan yeni pnevmakok peyvəndlərin Belçika istehsalı olduğunu bildirdi. Onun sözlərinə görə, pnevmakok əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq. Qeyd edək ki, bu peyvəndin tətbiqindən sonra uşaqlar arasında pnevmakokların törətdiyi ağır pnevmaniya, meningit, yuxarı tənəffüs yollarının iltihabı kimi xəstəliklərlə rastlaşma tezliyi çox azalacaq.