Ramazan bayramı münasibətilə yarmarka keçiriləcək

7 Avqust 2013 14:06 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyi Ramazan bayramı münasibəti ilə ənənəvi yarmarkalar keçirir. Nazirlik mütəmadi olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə şəhərin 7 rayonunda və 9 ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasını həyata keçirir". Bu barədə SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Onun sözlərinə görə, Ramazan bayramı münasibəti ilə şənbə və bazar günləri müəyyən olunan yerlərdə yarmarka keçiriləcək: "Nazirlik olaraq belə yarmarkaları keçirməkdə əsas məqsədimiz həm məhsulun çeşidini artırmaq, həm də qiymətləri əvvəlki günlərə nisbətən daha da aşağı salmaqdır". 


Respublikanın 40-45 rayonunun fermerlərinin məhsullarını yarmarkada satışa çıxaracaqlarını deyən nazirlik rəsmisi bildirib ki, ötən həftə olduğu kimi, bu dəfə də 500 tondan artıq məhsulun satışa çıxarılması nəzərdə tutulur: "Yarmarka zamanı həm qiymətlərə, həm də məhsulların keyfiyyətinə nəzarət olunacaq. Sanitar Dövlət Nəzarəti və Dövlət Baytarlıq xidmətinin mütəxəssisləri bu işlərə cəlb olunublar. Bununla bağlı, nazirlik gücləndirilmiş iş rejiminə keçib. Yarmarkalarda ən çox meyvə-tərəvəz, ət və süd məhsulları üstünlük təşkil edəcək. Yarmarkalarda qiymətlərə nəzarət etmək üçün isə nazirliyin işçi qrupları yaradılıb".