Karantin rejimi yenidən sərtləşdirilə bilər, əgər...

16 Sentyabr 2020 09:48 (UTC+04:00)
 
Son 1 ayda epidemiya ilə mübarizədə ciddi uğurlar əldə olunub. Yoluxma sayı kəskin azalıb, stabilləşib. Bunun üzərindən də Operativ Qərargah müvafiq yumşalma qərarları verir. Təhsil ocaqları açılıb. Metronun fəaliyyətinə yaşıl işıq yandırılıb. Ticarət obyektlərinin fəaliyyəti ümumən bərpa edilib. Bir sözlə, insanlar tədricən normal fəaliyyətlərinə qayıdırlar. Ancaq bir məsələ var ki, insanlar bu qaydalara əməl etməsələr, yoluxma sayının artmasına gətirib çıxara bilər. Müşahidələr isə göstərir ki, qapalı məkanlarda, ictimai nəqliyyatda, metroda vətəndaşların mütləq əksəriyyəti təhlükəsizlik qaydalarına əməl edərək maska taxır. Ancaq məsafənin gözlənilməsi hallarına rast gəlinmir. Bundan başqa, digər kənar ərazilərdə əhali maska taxmağa elə də ciddə əhəmiyyət vermir. Yəni mövcud vəziyyət belə düşünməyə əsas verir ki, əhalinin müəyyən əhəmiyyətli hissəsi hələ də məsələnin ciddiliyinə inanmır və məsuliyyət hiss keçirmirlər. Qeyd edək ki, bir çox dünya ölkələri bəzi yumşalmaların ardınca əhalinin davranışı fonunda yenidən sərt karantin  rejimi istiqamətində addımlar atmalı olub. Yəni əksər ölkələr yenidən sərt karantin rejiminə qayıdır.  Azərbaycandakı vəziyyət də ondan xəbər verir ki, insanlar ümumi davranış qaydaların əsasən əməl etmirlər.  
Bu da məcburiyyət qarşısında yenidən karantin qaydalarının ciddiləşməsinə, sərtləşməsinə səbəb ola bilərmi?
Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, yumşalmalar fonunda insanlar davranış qaydalarına əməl etməsələr, bu tendensiya karantin qaydalarının yenidən sərtləşməsinə gətirib çıxaracaq: “Karantin qaydalarının yumşalması fonunda əhalinin davranış qaydalarına əməl etməməsi koronavirusa yoluxma sayının yenidən artmasına gətirib çıxara bilər.
Yoluxma sayı artdığı halda isə, hökumət istər-istəməz yenidən məhdudlaşdırıcı addımlara getməli olacaq. Hökumət tərəfindən lazım olan bütün işlər artıq görülüb, hətta bəlkə də bu işlər artıqlaması ilə görülüb.  Cənab Prezident lazım olan bütün tədbirlərin görülməsi üçün sərəncamlar, müvafiq tapşırıqlar verdi.  Nazirlər Kabinetinin qəraraır olub. Dövlətdən bu məqsədlə vəsait ayrılıb. Yəni istər səhiyyə, istər məşğulluq, social müdafiə, iqtisadiyyatın qorunması ilə  bağlı müxtəlif tədbirlər görülüb. Vətəndaşlarımız birdəfəlik anlamalıdır ki, pandemiya dövründə davranış qaydalarına əməl etmək artıq bir mədəniyyət məsələsidir. Koronavirus ola bilsin hələ xeyli müddət həyat tərzimizə çevriləcək. Ona görə də virus nə qədər ki, aktivliyini aşağı salmayıb, onun müalicəsi üçün dərman tapılmayıb, vaksini icad olunaraq geniş şəkildə tətbiq olunmayıb, ancaq və ancaq özümüzüqoruma  tədbirlərinə əməl etməliyik. Bu isə artıq mədəniyyətimizə çevrilməlidir, heç də polisin nəzarəti və qorxusu altında bu işləri etməməliyik. Qapalı məkanlarda maskadan istifadə etməli, əllə təmasdan çəkinməli, məsafə saxlamalı, əllərimizi dezinfeksiyedici maddələrlə mütəmadi yumalıyıq. Metroda, ictimai nəqliyyatda çalışmalıyıq ki, sıxlıq yaranmasın. Bütün bunları etsək heç şübhəsiz virusa yoluxan xəstələrin sayı da az olacaq və tezliklə əvvəlki normal həyata qayıdacağıq.
Amma bunları etməsək, insanları qorumaq üçün daha sərt addımlara getmək hökumətin borcudur.  Bir-birimizi qorumaq barədə düşünməliyik.  Bu mənda hesab edirəm ki, bundan sonrakı  məsuliyyət və vəzifələr daha çox vətəndaşların üzərinə düşəcək. Hökumət də təbii ki, adekvat addımlarını davam etdirməlidir. Qarşıdan gələn payız aylarında daha ehtiyatlı olmalıyıq. Çünki həmin dövrdə virusun genişlənmə ehtimalı daha yüksəkdir. Qrip və ona bənzər yuxarı tənəffüz yolları virusunun törətdiyi xəstəliklər də pandemiyaya qoşulanda xəstəliyi keçirmək çox ağır olacaq, həm də xəstəliyin müddəti uzanacaq. Belədə həmin dövrdə yoluxma riski də artacaq. Payız dövründə bu fonda ilk növbədə geyim qaydalarına əməl etməliyik. Həmçinin daim maskada hərəkət etməliyik”.
R. SOLTANOV