İran səfirliyi Rafiq Tağının bıçaqlanmasına münasibət bildirdi

23 Noyabr 2011 19:55 (UTC+04:00)

İranın Azərbaycandakı səfirliyi yazıçı Rafiq Tağıya qarşı törədilmiş sui-qəsddə İranın adının hallanmasına münasibət açıqlayıb. Səfirliyin mətbuat xidmətindən daxil olan açıqlamada deyilir: "Rafiq Tağıya qarşı törədilmiş sui-qəsd olayının İran İslam Respublikasına aid edilməsi ilə bağlı bəzi şəxslər və Azərbaycan Respublikasının bəzi informasiya vasitələri tərəfindən irəli sürülən əsassız və həqiqətdən uzaq iddiaları təkzib edirik. Bununla yanaşı, mənfi atmosfer yaratmaq məqsədi daşıyan bu əməlləri İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı strateji münasibətlərə xələl vurmaq istiqamətində sionizm-Amerika təxribatları kimi qiymətləndirir, bu kimi cəhdləri puç və məğlub addım hesab edirik".

Qeyd edək ki, Rafiq Tağı noyabrın 19-da paytaxtın Xətai prospektindəki dayanacaqda naməlum şəxslər tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yazıçı əməliyyat olunub.