İlham Əliyev: “Biz elə bir bölgədə yaşayırıq ki,...“
8 Avqust 2013 12:15 (UTC+04:00)
"Azərbaycan artıq dünya miqyasında güclü dövlət kimi tanınır,
beynəlxalq əlaqələrimiz genişlənir, dostlarımızın sayı artır.
Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının
üzvüdür".
APA-nın məlumatına görə, bu sözləri avqustun 7-də Külüllü su
mənbəyindən Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində
iştirak edən Azərbaycan prezidenti İlham Əliyev deyib. Bölgədə
Azərbaycanın mövqeyindən çox şey asılı olduğunu bildirən dövlət
başçısı qeyd edib ki, bütün bu uğurlar Azərbaycan xalqının
istedadı, zəhməti hesabına qazanılıb."Çünki 20 il bundan əvvəl biz
müstəqilliyimizin ilk illərində idik və hamımız o günləri yaxşı
xatırlayırıq. O vaxt Azərbaycanın ümumi inkişafı sual atında idi.
Azərbaycan demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi baş
vermişdi, iqtisadi sahədə heç bir islahat aparılmırdı, sənaye
tamamilə iflic vəziyyətinə düşmüşdü. O vaxt həm dünyada, həm ölkə
daxilində Azərbaycanın gələcəyi ilə bağlı çox bədbin fikirlər var
idi. Ancaq güclü iradə, islahatlar və xalqla iqtidar arasında olan
birlik Azərbaycanı bu bəlalardan xilas etdi", - deyə prezident
vurğulayıb. 1993-cü ildə Azərbaycanın taleyinin həll olunduğunu
deyən dövlət başçısı qeyd edib ki, Heydər Əliyevin qətiyyəti,
cəsarəti, müdrikliyi və xalqın ona olan inamı Azərbaycanı bu
bəlalardan qurtarıb: "Biz elə bir bölgədə yaşayırıq ki, ətrafımızda
görürsünüz hansı problemlər cərəyan edir - toqquşmalar,
qarşıdurmalar, müharibələr. Biz ölkəmizi güclü və müstəqil
siyasətlə qorumalıyıq və qoruyuruq. Eyni zamanda, daxildə aparılan
islahatlar istər siyasi sahədə, iqtisadi sahədə, sosial məsələlərin
həllində ölkəmizi gücləndirir. Bu gün Azərbaycan tam şəkildə
müstəqil siyasət aparır. Bu siyasətin arxasında Azərbaycan
iqtidarının iradəsi və güclü iqtisadiyyat dayanır. Güclü
iqtisadiyyatı isə biz yaratmışıq, Azərbaycan xalqı yaradıb".